Salehi: “Yaxın gələcəkdə İranda daha bir atom-elektrik stansiyası inşa ediləcək”

Salehi: “Yaxın gələcəkdə İranda daha bir atom-elektrik stansiyası inşa ediləcək”
# 23 sentyabr 2013 13:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Yaxın gələcəkdə İranda daha bir atom-elektrik stansiyası inşa ediləcək.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı İranla Rusiya arasında danışıqlar aparılır: “Bununla bağlı iki ölkə arasında keçirilmiş sonuncu ortaq iqtisadi komissiyanın iclasında müzakirələr aparıldı. Həmin müzakirələrdə İranda yeni nüvə stansiyasının inşası ilə bağlı razılıq əldə olundu. Müqavilədə müddəalar da öz əksini tapıb. İnşallah, yaxın gələcəkdə Buşəhrdə növbəti nüvə stansiyasının şahidi olacağıq”.

Qeyd edək ki, İran bu gün ölkənin cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyasını (AES) Rusiyadan təhvil alacaq. Buşəhr AES-in 1000 MeqaVatlıq birinci bloku sentyabrın 23-də müvəqqəti olaraq İran tərəfinə təhvil veriləcək. Buşəhr AES müvəqqəti təhvil dövründə iki il müddətində 7 min saat işləmə potensialına malik olmalı, Rusiya tərəfi buna zəmanət verməli və iki il ötəndən sonra tam şəkildə İranın ixtiyarına verilməlidir. Buşəhr AES-in İrana təhvil verilməsi ilə bağlı imzalama mərasimi keçiriləcək. Protokol Ə.Salehi və Rusiya podratçı şirkətinin prezidenti tərəfindən imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR