Gürcüstanın Ləmbəli kəndində soydaşlarımızın torpaq problemi tədricən həll olunur

Gürcüstanın Ləmbəli kəndində soydaşlarımızın torpaq problemi tədricən həll olunur
# 27 may 2013 22:02 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə torpaq problemi tədricən həll olunur.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə xəbəri Qaraçöp (Saqareco) bölgəsindəki Ləmbəli kənd icra nümayəndəsi Mübariz Məmmədov APA-ya açıqlamasında bildirib. “Keçmiş hakimiyyət bizim 5 min torpaq sahəmizi əlimizdən alıb qanunsuz olaraq xaricilərə satıb. Lakin indi biz baş prokurora şikayət etdik. Hələlik yerli icarədarların aldığı 137 hektar torpaq sahəsi geri qaytarılıb. Keçən şənbə günü 20 hektar əkin sahəsini əhaliyə payladım. Lakin yağışların yağması geri qaytarılan torpaqların bölünməsinə imkan vermədi. Hava yaxşılaşan kimi digər qalan torpaqları da böləcəyik. Az da olsa, torpaq probleminin həlli istiqamətində bir addım atmışıq. Bu, bizi sevindirir. Lakin yenə tələblərimizin həllinə çalışırıq. Digər torpaqları da alacağıq”.

M. Məmmədov bölgədə xarici vətəndaşların aldığı torpaqların geri qaytarılmasına da münasibət bildirib. “İranlı iş adamlarının aldığı torpaqların geri qaytarılması ilə parlamentin deputatı Tina Xidaşeli məşğul olur. O, bizə söz verib ki, torpaq problemini həll edəcək. Hazırda kəndin əlində cəmi 250 hektar torpaq sahəsi qalıb. Yeni hakimiyyət problemlərimizin həllinə ciddi çalışır. Düşünürəm ki, tezliklə sosial vəziyyətimiz də yaxşı olacaq.”

Kənd icra nümayəndəsi Mübariz Məmmədov Ləmbəlidə 8.640 nəfər əhali yaşadığını bildirib. “Tezliklə kəndimizdə 300 nəfərlik iki uşaq bağçası tikiləcək. Gürcüstanın baş naziri Bidzina İvanişvili kəndimizə 7,5 km asfalt yol çəkdirməyə söz verib. Kənddə 2 idman sarayının tikilişi də həyata keçiriləcək. Hələlik müvəqqəti olaraq 6 aylıq uşaq bağçası fəaliyyət göstərir, lakin bizə verilən sözə görə, tez bir zamanda yeni uşaq bağçasının tikilişinə başlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR