AMEA prezidenti: “Xalqımıza xas olan tolerantlıqdan hər yerdə danışılır”

AMEA prezidenti: “Xalqımıza xas olan tolerantlıqdan hər yerdə danışılır”
# 16 aprel 2015 08:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Minilliklər boyunca Azərbaycan çoxsaylı mədəniyyət və dinlərin kəsişdiyi məkan olub, və bu gün də belədir. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra beynəlxalq forumlar keçirilir və bu forumlarda multikulturalizmin və dini dözümlülüyün aktual məsələləri müzakirə olunur. Xalqımıza xas olan tolerantlıq, başqa din və mədəniyyətlərə qarşı hörmətdən bu gün hər yerdə danışılır və konfrans iştirakçıları Bakıda olduqları müddətdə, təbii ki, bir daha bunun şahidi olacaqlar”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransda deyib.

A. Əlizadə bildirib ki, Azərbaycanda müxtəlif dinlərə sitayiş edən bir çox xalqlar yaşayır və ölkəmizin bütün vətəndaşları bərabərhüquqludurlar: “İslamın ümumbəşəri ideyalarına əsaslanan mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Sivilizasiyanın beşiklərindən biri olan Azərbaycanda bir çox dinlər münbit şəraitlə qarşılaşıb və hazırda bu kiçik ərazidə, yəni “Odlar yurdunda” atəşpərəstlərin məbədləri və yəhudi sinaqoqları, Avtokefal Qafqaz Albaniyası, rus Pravoslav və Katolik kilsələri mövcuddur”.

AMEA prezidenti müstəqillik əldə etdikdən sonra Azərbaycanda vicdan azadlığının bərqərar olduğunu vurğulayıb: “Mühüm elm və təhsil müəssisəsi olan Bakı İslam Universiteti açılıb, hazırda köhnə məscidlər bərpa olunur və yeniləri tikilir ki, onların hər birisinin mühüm vəzifəsi biliklərin yayılma mərkəzinə çevrilməsi, hər bir minbəri şüurlara təsir səviyyəsinə görə akademik ali təhsil müəssisəsinin kafedrasına bərabər olmasıdır.

Bu gün müstəqil Azərbaycan dünya birliyinin zəngin maarifçilik tarixinə malik olan layiqli və tam hüquqlu üzvü kimi ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu baxımdan bu gün öz işinə başlayan “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq konfransını da humanitar forumların kontekstində keçirilən bir tədbir kimi saymaq olar.

Əcdadlarımız İslamı bütöv və elmi dərketməyə əsaslanan şəkildə nəsillərdən-nəsillərə ötürüblər. Hətta ateist sovet dövründə atalarımız və babalarımız müqəddəs dinimizi göz bəbəyi kimi qoruya biliblər. Bizim də borcumuz əcdadlarımızdan bizə əmanət qalmış dinimizi gələcək nəsillərə məhz bu şəkildə ötürməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR