Elman Abdullayev Misir XİN-in departament rəisi ilə görüş keçirib

Elman Abdullayev Misir XİN-in departament rəisi ilə görüş keçirib
# 16 may 2013 11:46 (UTC +04:00)

Bakı – APA. Misirə səfəri çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Misir XİN-in İctimai Diplomatiya və Media Departamentinin rəisi səfir Bahir Helmi ilə görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş əsnasında E. Abdullayev həmsöhbətinə Azərbaycanın xarici siyasəti, həyata keçirdiyi humanitar layihələr və ictimai diplomatiya siyasətinin əsas istiqamətləri barəsində məlumat verib. O, Azərbaycan və Misirin tarixi dostluq əlaqələrini bölüşdüyünü qeyd edərək bütün sahələrdə olduğu kimi, ictimai diplomatiya sahəsində də birgə maraq dairəsində olan istiqamətlər üzrə əməkdaşlığın mümkünlüyünü bildirib. Bu xüsusda Fələstin məsələsinə toxunan E. Abdullayev, Azərbaycan ev sahibliyi ilə bu ilin iyun ayında Fələstin üzrə Bakıda keçiriləcək donor konfransı haqqında danışıb.

Ermənistan-Azərbaycan münaqişəsi və onun törətdiyi fəsadlardan ətraflı bəhs edən E. Abdullayev, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Şarm Əl-Şeyx toplantısında və İƏT-in Qahirə sammitində bu münaqişə ilə əlaqədar qəbul edilmiş qərarların siyasi əhəmiyyətini qeyd edib və Misirin tutduğu mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.

Bahir Helmi Azərbaycan və Misir xalqlarının tarixi dostluq və qardaşlıq ənənələrinə toxunaraq Misirin daim Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini deyib və digər sahələrdə olduğu kimi, ictimai diplomatiya sahəsində də iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün münbit imkanların olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR