Adil Qəribov: “Ermənistan Azərbaycanın su resurslarını çirkləndirən əsas ölkələrdən biridir”

Adil Qəribov: “Ermənistan Azərbaycanın su resurslarını çirkləndirən əsas ölkələrdən biridir”
# 05 dekabr 2013 09:14 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya açıqlamasında deyib ki, su resurslarının çirklənməsi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, xüsusilə Horadiz tərəfdə qeydə alınır. Onun sözlərinə görə, həmin zonaya tökülən çayların hamısı demək olar ki, zəhərli materialların daşıyıcısıdır: “Bunlar əsasən ağır metallar, dünyada ən zəhərli metal olan arsendir. Çirklilik isə arsenin, misin və digər metalların qatılığına görədir. Sərhəd zonasındakı çaylarda həm suyun özündə, həm də dib çöküntülərdə bu metalların miqdarı normadan dəfələrlə çoxdur”.

A.Qəribov qeyd edib ki, həmin sular çirkli faktorların daşıyıcı rolunu oynayır. Onun sözlərinə görə, belə suların Xəzər dənizinə tökülməsi nəticəsində dənizin Kür çayı hövzəsində zəhərli metalların konsentrasiyası normadan çoxdur. Dib çöküntülərində isə bunların daha artıq olduğunu deyən direktor bildirib ki, əsas problem dib çöküntülərinin su vasitəsilə yayılmasıdır: “Bu böyük bir ərazini əhatə edəcək və canlı orqanizmlərə mənfi təsir göstərəcək. Ona görə də problem çox mühümdür. Azərbaycan tərəfi beynəlxalq təşkilatlar qarşısında bu məsələni dəfələrlə qaldırıb. Belə hallarda Ermənistana hər hansı bir təsir göstərə bilərik. Çünki suların əsas hissəsi Ermənistan ərazisində formalaşır. Onların müəyyən hüquqları var və deyəcəklər ki, mənimdi, özüm bilərəm. Ona görə də məsələnin həll edilməsini onlara beynəlxalq təşkilatlar məcbur etməlidir”.

Radiasiya problemləri İnstitutu tərəfindən müvafiq işlərin davam etdirildiyini deyən direktor bildirib ki, sərhəd zonası çayları boyunca mövcud olan 16 məntəqədə daimi olaraq nümunə götürülür. Direktor əlavə edib ki, nəticələr barədə mütəmadi məlumat verilir və institutun saytında yerləşdirilir: “Lakin bəzi hallarda sadəcə, saytda qoyulan informasiyaları bəzi qurumlar öz materialları kimi istifadə edir və əldə olunan bir nəticə ölkədə mütəmadi olaraq müzakirə edilir. Bu belə olmamalıdır. Bir neçə qurum tərəfindən müvafiq analizlər aparılmalı və nəticələr bir-biri ilə uyğunlaşdırıldıqdan sonra yekun fikirlər beynəlxalq təşkilatlara göndərilməlidir”.

A. Qəribovun sözlərinə görə, Azərbaycanın su resurslarını çirkləndirən ölkələr arasında Gürcüstanın da böyük payı var. O qeyd edib ki, Gürcüstanın sənaye müəssisələrinin çoxunun tullantıları Kür çayına tökülür və bu da müəyyən problemlər yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR