İranın müdafiə naziri: “Rusiya “S-300” zenit-raket komplekslərinin alqı-satqısına dair müqaviləni yerinə yetirməlidir”

İranın müdafiə naziri: “Rusiya “S-300” zenit-raket komplekslərinin alqı-satqısına dair müqaviləni yerinə yetirməlidir”
# 10 sentyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bizim siyasi quruluşumuz inanclı bir məktəbə söykənir və İranın xarici siyasət doktrinasında digər ölkələrə qarşı təhdid yoxdur”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-polkovnik Hüseyn Dehqan bildirib.

Onun sözlərinə görə, İranın kosmik texnologiyaya sahib ölkələr sırasında yer alır: “Sanksiyalar bizə müxtəlif raketlərin istehsalında heç bir məhdudiyyət yarada bilmir. Biz raket istehsalı üzrə dünyanın ən üstün ölkələri sırasında yer alırıq. İranın malik olduğu hər şey müdafiə xarakterlidir. Əgər axmaqlıq edərək ölkəmizə təcavüz etmək fikrinə düşən olarsa, cavabımız sərt olacaq”.

H.Dehqan deyib ki, İran üçün istənilən münasibətdə ilk sırada qonşu ölkələr, daha sonra İslam ölkələri və sonda digər ölkələr gəlir: “Regionda təhlükəsizliyin ən mühüm dayağı İrandır. İranofobiya siyasətinin kökündə də xarici qüvvələrin regiondakı qeyri-qanuni iştirakı və region ölkələrinə silah satmaq məqsədi dayanır. Xarici qüvvələrin iştirakı region ölkələri üçün əlavə xərclərə səbəb olmaqdan başqa heç bir xeyri yoxdur. Təhlükəsizliyin təmin edilməsi region ölkələrinin əməkdaşlığından keçir”.

Nazir İranla Rusiya arasında məhkəmə çəkişməsinə səbəb olmuş “S-300” zenit-raket komplekslərinin alqı-satqısına dair müqaviləyə də toxunub: “Biz Rusiya rəsmilərindən soruşuruq ki, supergüc sayılan bir dövlətin hüquqi müqavilə barəsində qərar qəbul edə bilməməsi necə olur? Ən ağıllı yol rusların özlərinə inanması, ABŞ-ın siyasətini izləməkdən çəkinməsi və imzaladıqları müqaviləni yerinə yetirməsidir”.

H.Dehqan İranın regionda və regiondan kənarda cərəyan edən bütün hadisələri yaxından izlədiyini vurğulayıb: “İstənilən təhdidin qarşısnı almaq imkanımız var”.

Nazir daha sonra ABŞ-ın Suriyaya hərbi müdaxilə planına maliyyə, siyasi, təbliğat və hərbi qüvvəsi ilə dəstək verən ölkələrin öz gələcəkləri ilə bağlı narahat olmağa çağırıb: “ABŞ Suriyaya qurudan hücum etmək və Bəşər Əsəd hökumətini devirmək üçün bu ölkəni işğal etmək iqtidarında deyil. Hava hücumları da Suriya hökumətini devirə bilməyəcək. Bizim Suriyanı dəstəkləməyimizin əsas səbəbi bu ölkənin müqavimət cəbhəsini və Fələstini müdafiə etməsinə görədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR