“Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə tarixşünaslıq: mif, ədəbiyyat və tarix arasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

“Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə tarixşünaslıq: mif, ədəbiyyat və tarix arasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 20 dekabr 2013 07:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə tarixşünaslıq: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq Elmi Konfrans başlayıb.

APA-nın verdiyi məlumata görə, iki gün davam edəcək konfransda 18 ölkədən (ABŞ, Fransa, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, İran, İsrail, İtaliya, Yaponiya, Ukrayna, Qazaxıstan, İsveç, Gürcüstan, Kanada, Özbəkistan, Bosniya və Herseqovina, Avstraliya) 40-dan çox, Azərbaycan ali məktəblərindən və elm müəssisələrindən 50 alim və tədqiqatçı iştirak edir.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla deyib ki, konfrans “Tarixi və ədəbi janrlarda təsvir üsulları arasında”, “Ədəbi mətnlərdə tarixin təsviri formaları”, “Keçid dövründə ədəbiyyat və tarix”, “Mif”, “Tarix və tarixşünaslıq”, “Dilçilik və tarix” bölmələri ilə öz işini davam etdirəcək. Onun sözlərinə görə, konfrans iştirakçıları Bakının maraqlı yerləri ilə tanış olacaqlar, müxtəlif səfərlər təşkil ediləcək.

Konfrans çərçivəsində Əli Fərabi adına Qazax Milli Universitetinin professoru Anaur Qaliyevin “Keçmişin dərki: mif və tarix arasında”, Orenburq Dövlət Pedoqoji Universitetinin professoru Sergey Lyubiçanovskinin “Yaddaş və gündəlik” (Leonid Bolşakovun gündəliyi əsasında) adlı ustad dərslərin, Osaka Universitetinin dosenti Takayuki-Yokota Murakaminin sədrliyi ilə “İtirilmiş mili tarixin bərpası: Latviya rusdilli yəhudi yazıçıları və onların əsərləri” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır. Konfrans materialları kitab şəklində çap olunub iştirakçılara təqdim olunacaq.

Tədbirdə əsas məruzəçi qismində dəvət edilən ABŞ-ın Viskonsin-Medison Universitetinin dosenti Maks Statkiyeviç və Türkiyənin Boğaziçi və Yeditəpə Universitetinin professoru Suat Karantay çıxış edib, təbriklərini çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR