“N!DA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin apelyasiya şikayəti təmin edilməyib

“N!DA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin apelyasiya şikayəti təmin edilməyib
# 26 sentyabr 2013 13:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Apelyasiya Məhkəməsində “N!DA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin apelyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya Ü.Məmmədlinin vəkili Yalçın İmanov məlumat verib.

Y.İmanov qeyd edib ki, Bakı Apelyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Ü.Məmmədlinin apelyasiya şikayəti təmin edilməyib.

Ü. Məmmədlinin apelyasiya şikayəti onun barəsində seçilən həbs-qətimkan tədbirinin ləğv edilməsi ilə bağlıdır.

Qeyd edək ki, “N!DA” Vətəndaş Hərəkatının 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə açıqlamaya görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd «Molotov kokteyli», 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində «Təcili demokratiya tələb olunur. Tel: +994 Ünvan: Azərbaycan» sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı, eləcə də “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR