“Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı keçirilib

“Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı keçirilib
# 04 iyun 2014 09:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda Cahangir Hüseynovun Nadir Şah Əfşarın 325 illiyinə həsr etdiyi “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov kitabın Azərbaycan tarixinin vacib mərhələsinin öyrənilməsi baxımından önəmini bildirərək, kitabda Nadir şahın tərcümeyi-halı, tarixi və dövlət quruculuğunun öz əksini tapdığını qeyd edib: “Nadir şah xalqın içindən çıxmış, qorxmaz bir sərkərdə, dövlət qurucusudur. Nadir şah sonuncu fatehdir ki, Şah İsmayıl Xətaidən sonra Azərbaycan dövlətini vahid şəkildə birləşdirməyə nail olub. Təsadüfi deyil ki, Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı. Ümumiyyətlə, hesab edirəm ki, müəllif uzun illər apardığı tədqiqatların nəticəsində mükəmməl bir əsər ortaya qoyub”.

Kitabın müəllifi Cahangir Hüseynov isə Nadir şah dövlətinin tarixi barədə məlumat verərək qeyd edib ki, kitabın ərsəyə gətirilməsində məqsəd ilk növbədə Azərbaycan tarixini, vətənpərvərliyini ortaya qoymaqdır. O, kitabı yazmaq üçün müxtəlif ölkələrin muzeylərində, kitabxanalarında olduğunu, Nadir şah haqqında məlumatları araşdırdığını vurğulayıb: “4 il Milli Elmlər Akademiyasında işləməklə tarixi ədəbiyyatla yaxından təmasda oldum. Nadir şah barəsində internetdə və müxtəlif ölkələrində nə qədər əlyazmalar varsa, hamısını toplamaq qərarına gəldim, uzun müddət araşdırma apardım. Türklərin 4 min illik tarixini araşdırdım və şahidi oldum ki, bizim zəngin tariximiz var. Gördüm ki, biz 22 imperiya, 49 dövlət yaratmış və ən qədim dövlətçilik ənənələri olan xalqıq”.

Sonra Məşhəd şəhərində yerləşən Nadir Şah Muzeyi ilə bağlı video-rolik nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR