Azərbaycan və Bolqarıstan iqtisadi əlaqələrin genişləndirilməsi yollarını araşdırır

Azərbaycan və Bolqarıstan iqtisadi əlaqələrin genişləndirilməsi yollarını araşdırır
# 05 noyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Hristova ilə görüş keçirilib.

Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı M.Hristova Bolqarıstan və Azərbaycan iqtisadiyyatı arasında körpü yaratmaq niyyətində olduğunu vurğulayıb. Səfir bildirib ki, 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRACECA) iştirak edir. Həmçinin, iki ölkə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir. Bununla yanaşı, 2009-cu ildə iqtisadi sahələri əhatə edən önəmli sənədlər imzalandığını xatırladan səfir Azərbaycan Energetika Nazirliyi və Bolqarıstan İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında imzalanan əməkdaşlıq memorandumun müstəsna rolundan da söz açıb.

Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan M.Hristova bildirib ki, iqtisadi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün hər iki ölkədə böyük potensial var. O qeyd edib ki, bütün bu sənədlərə baxmayaraq iqtisadi-ticarət əlaqələri, həmçinin iş adamları arasında əməkdaşlıq arzu olunan səviyyədə deyil.

Azərbaycanda 500 minədək sahibkarın fəaliyyət göstərdiyini deyən ASK prezidenti Məmməd Musayev bildirib ki, 70-dək assosiasiya ASK-nın üzvüdür. Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələrə toxunan ASK başçısı sözügedən ölkənin iş adamları ilə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd edib. O, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən bolqar iş adamlarına ASK tərəfdən hər zaman lazımi köməklik göstəriləcəyinə də söz verib.

M.Musayev əlavə edib ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmiz artıq investisiya ixrac edən dövlətə çevrilib. ASK prezidenti bolqarıstanlı iş adamlarını fəal əməkdaşlığa və müştərək fəaliyyətə dəvət edib. Bolqarıstan şirkətlərinin real layihələrlə müraciət etmələrinin vacibliyini, yerli bazarda onların rəqabətə davam gətirməyə qadir olduqlarına əmin olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR