Azərbaycanda əmlakın qeydiyyatı ilə məşğul olan işçilər üçün xidmət standartları və davranış qaydaları hazırlanır

Azərbaycanda əmlakın qeydiyyatı ilə məşğul olan işçilər üçün xidmət standartları və davranış qaydaları hazırlanır
# 05 noyabr 2013 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri üçün Xidmət Standartları və Davranış Qaydaları hazırlanır.

Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq məsləhətçi cəlb olunacaq.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsində Əmlak Məsələləri Dövlət Komitəsi üçün Strategiya Planı və onun qurumları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün Biznes Plan hazırlanıb. Bu Planın mühüm hədəflərindən biri ərazi qeydiyyat idarələrində müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyəti və şəffaflığın artırılmasıdır. Eyni zamanda, ərazi idarələrinin maliyyə dayanıqlılığının artırılması və xidmətlərin çevikliyinin təmin edilməsi əsas məqsədlərdəndir.

Burada başlıca məqsəd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdiyi xidmətlərin səviyyəsinin qaldırılması, vətəndaş-məmur münasibətlərinin şəffaf mexanizmlər əsasında qurulması, vətəndaşların elektron informasiya vasitələrindən istifadə etməklə qısa müddət ərzində vətəndaşların əmlak hüquqlarının rəsmiləşdirilməsi və məlumatlar əldə etməsinin təmin edilməsidir.

İnkişaf etmiş ölkələrin müvafiq qurumlarının təcrübələrinə əsasən hazırlanmış Xidmət Standartları və Davranış Qaydaları xidmətlərin qanunvericilik və təşkilati çərçivəsi, xidmətlərin göstərilməsi ilə bağlı xidmətlərin adları və tələb olunan sənədlər, xidmətlərin göstərilməsinə dair prosedura və müddətlər və xidmətlərin göstərilməsinə dair işçilər üçün davranış qaydaları və standartları əhatə edir.

Həmçinin, bura xidmətlərin keyfiyyəti, xidmətlərin icrasına dair iş vaxtı normaları və xidməti geyimə dair tələblər, xidməti davranışa və tələblərə nəzarət formaları, işçilərin məsuliyyəti və həvəsləndirmə tədbirləri əksini tapacaq.

Nəticədə əldə ediləcək xidmət standartları qeydiyyat sisteminin modern əsaslarla inkişaf etdirilməsinə, şəffaflığın və çevikliyin artırılmasına, işçilərin məsuliyyətinin və nəzarət tədbirlərinin gücləndirilməsinə zəmin yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR