Azərbaycanda “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası” təsdiqlənib

Azərbaycanda “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası” təsdiqlənib
# 19 noyabr 2013 07:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.

APA-nın verdiyi məlumata görə, bu Qayda çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydasını müəyyən edir.

Dövlət sosial xidmət müəssisəsi dedikdə, stasionar sosial xidmət müəssisəsi nəzərdə tutulur. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrinə (dövlət uşaq müəssisəsinə) yerləşdirilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər. Sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü müddətində uşaqların sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Ərizənin daxil olduğu gündən 10 (on) iş günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə göndərilir. Hesabata təqdim olunmuş sənədlərlə birlikdə baxılaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir. Sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunan uşaqların dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yaşadığı ərazi üzrə rayon (şəhər) Psixoloji-tibbi-pedaqoji komissiyaya ərizə ilə müraciət edirlər. Ərizənin daxil olduğu gündən 10 (on) iş günü müddətində uşaqların psixoloji-tibbi-pedaqoji müayinəsi aparılır, inkişaf xüsusiyyətləri aşkarlanmaqla diaqnozu müəyyənləşdirilir və uşaqların xüsusi təhsilə olan tələbatı qiymətləndirilərək “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna uyğun olaraq komissiyanın qərarı və ərizəyə əlavə olunmuş sənədlər xüsusi təhsil müəssisəsinə göndərilir.

Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların dövlət sosial xidmət müəssisələrinə (sosial sığınacaq) yerləşdirilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna uyğun olaraq yetkinlik yaşına çatmayanın yazılı və ya şifahi müraciəti, yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti, sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı əsasında baxılır. Sənədlərə Təhsil Nazirliyi tərəfindən baxılaraq, hüquq pozuntusu törədən uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə 5 (beş) iş günü müddətində göndəriş qəbul edilir. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər və cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən 11 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır. Müəssisəyə yerləşdirilmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı uşağın şəxsiyyəti, sağlamlığı, təhsili və ailə vəziyyətinə dair sənədlərlə birlikdə yerli icra hakimiyyəti tərəfindən 10 (on) gün müddətində Təhsil Nazirliyinə göndərilir. Müəssisəyə yerləşdirilmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına təqdim olunmuş sənədlərlə birlikdə Təhsil Nazirliyi tərəfindən baxılaraq, 5 (beş) gün müddətində hüquq pozuntusu törədən uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə (burada həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının - doğma və ögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciət edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmələri üçün yerli səhiyyə idarə və müəssisələrinə ərizə ilə müraciət edirlər. Sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə müraciət ərizəsi daxil olduğu gündən 5 (beş) iş günü müddətində şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi (həkim) tərəfindən qiymətləndirilərək, ərazi üzrə səhiyyə müəssisəsi tərəfindən sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir. İnsan alveri qurbanlarının dövlət sosial xidmət müəssisəsinə (sığınacağa) yerləşdirilməsi “Sosial xidmət haqqında” qanunun nəzərə alınaraq, “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna, Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na və 2009-cu il 19 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları”na müvafiq olaraq tənzimlənir. Məişət zorakılığından zərər çəkən şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər bu barədə yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət etməlidirlər. Məişət zorakılığından zərər çəkənlərə yardım mərkəzinin (sosial işçisi (psixoloqu) yerli icra hakimiyyəti orqanına və ya polis orqanına dəvət edilir, şəxslə söhbət nəticəsində onun məişət zorakılığına məruz qalması faktı təsdiqlənərək müvafiq akt tərtib edilir və şəxs yardım mərkəzinə müşayiət edilir. Yardım mərkəzində qısamüddətli (3 gün) ilkin reabilitasiya xidmətindən sonra müvafiq akt tərtib edilir və şəxsin istəyinə və sosial işçinin hazırladığı fərdi iş planına uyğun olaraq sığınacağa qəbul edilir. Şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsindən imtina edildikdə, imtina barədə qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli ərizəçiyə qaytarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR