Küveyt səfiri: “Azərbaycanı bütün məsələlərdə müdafiə edirik və dəstəkləyirik” - MÜSAHİBƏ - FOTOSESSİYA

Küveyt səfiri: “Azərbaycanı bütün məsələlərdə müdafiə edirik və dəstəkləyirik” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 23 dekabr 2013 08:28 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Küveyt dövlətin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Ruminin APA-ya müsahibəsi

- Azərbaycanla Küveyt arasındakı mövcud əlaqələri necə qiymətləndirirsiniz? İki ölkənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı nə səviyyədədir?

- Küveyt və Azərbaycan arasında ikitərəfli əlaqələr çox inkişaf edib. Xüsusilə cənab prezidentin Küveytə səfərindən sonra. Bu, çox uğurlu bir səfər idi və bu səfər çərçivəsində bir çox ikitərəfli saziş imzalanıb. Bu ilin fevral ayında Küveyt Dövlətinin xarici işlər naziri Bakıya səfər edib, iki ölkə arasında birgə komissiyanın iclasları keçirilib, bu səfər və iclaslar çərçivəsində də bir çox ikitərəfli müqavilələr və sazişlər imzalanıb. Biz indi Küveytin Azərbaycandakı səfirliyi olaraq, Azərbaycanın Küveytdəki səfirliyi ilə birlikdə əməkdaşlıq şəraitində həmin sazişlərin həyətə keçirilməsi üzərində işimizi davam etdiririk. Qeyd etmək istərdim ki, yüksək vəzifəli məsul şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyəti böyükdür. Əgər qarşılıqlı səfərlər olmasa, əlaqələr də inkişaf eləməz. Bizim əsas hədəfimiz Azərbaycan-Küveyt əlaqələrini daha yüksək səviyyələrə qaldırmaqdır. Mən Azərbaycana yeni gəlmişəm, bir ay yarımdır buradayam. Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər planlaşdırıram. Xüsusilə, iqtisadiyyat, ticarət əlaqələri, investisiya sahəsini inkişaf etdirmək üçün rəsmi şəxslərlə görüşlər planlaşdırıram. Küveyt bütün başqa İslam ölkələri kimi Azərbaycanı bütün məsələlərdə müdafiə edir və dəstəkləyir. Bizim aramızda hansısa fikir ayrılığından söhbət gedə bilməz.

- Təyin olunmazdan əvvəl Azərbaycan barədə hər hansı məlumata malik idinizmi?

- Mən bura gəlməmişdən qabaq Argentinada Küveytin səfiri işləyəndə Azərbaycanın oradakı səfiri ilə dəfələrlə görüşmüşəm. Bura təyin olunandan sonra Azərbaycan haqqında kifayət qədər məlumat əldə etmişəm. Eyni zamanda mən Küveytin Azərbaycandakı keçmiş səfiri ilə tez-tez görüşmüşəm, indi də görüşürəm və ondan Azərbaycan haqqında məlumatlar alıram. Sizin çox gözəl ölkənizlə tanış oldum. Əlaqələrimizin çox yaxşı olduğunu gördüm, indi də biz bu əlaqələri daha da möhkəmləndirəcək, yeni əlaqələr qurmaq üzərində işləyəcəyik.

- Səfir vəzifəsində özünüz üçün hansı məsələləri prioritet kimi müəyyən edəcəksiniz?

- Ticarətdən əlavə daha mühüm sahə kapital qoyuluşudur, investisiyalardır. Azərbaycanda xarici investorlar üçün əlverişli şərait var. Dediyim kimi, məsul şəxslərlə görüşüb, bu görüşlərdə alınmış nəticələri Küveytin məsul şəxslərinə çatdıracağam.

- Azərbaycanda Küveyt şirkətləri fəaliyyət göstərirmi və ümumiyyətlə, belə bir planlar var?

- Təəssüf ki, mənim məlumatlarıma görə, hələ Küveyt şirkətləri burada yoxdur. Amma mən məsul şəxslərlə görüşüb, xarici investorlara göstərilən xidmətlər, onlar üçün yaradılmış şərait barədə məlumatları Küveytdəki şirkətlərə çatdıracağam və görək, necə əməkdaşlıq qura bilərik. Mən yaxın zamanda Küveytə gedib oradakı tanınmış iş adamları və ticarət palatasının üzvləri ilə görüşərək Azərbaycana kapital qoyuluşu haqqında məlumatları onlara çatdıracağam və çalışacağam ki, onlar Azərbaycana gəlib özləri şəraitlə tanış olsunlar və qarşılıqlı şəkildə əməkdaşlıq başlasın.

- Son illər qarşılıqlı ticarət dövriyyəsində artım varmı? Hansı sahələrdə daha çox aktivlik hiss olunur və hansı sahələri daha fəal inkişaf etdirmək lazımdır?

- 2012-ci ildə ticarət dövriyyəsi çox zəif olub, cəmi 177 min dollar təşkil edib. Ona qədər 60 min olub. Lakin 60 mindən 170 minə qalxmaq üç qat artım deməkdir. Misal üçün deyə bilərəm ki, indi Küveyt bazarında mərmərə və mərmər məhsullarına tələbat var. Bu, bizim üçün çox maraqlı sahədir. Bu məhsulu biz qonşu İrandan alırıq, amma Azərbaycandan da ala bilərdik, çünki məsafə çox qısadır və buradan mal göndərmək və ticarət qurmaq olar. Bundan əlavə, kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz sahəsində də əməkdaşlıq edə bilərik.

- Turizm imkanları barədə nə düşünürsünüz? Küveyt azərbaycanlı turistlərə nə təklif edə bilər?

- Bu, çox mühüm sahədir. Turizm sahəsində əməkdaşlıq çox mühüm və maraqlı bir sahədir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bizim turist təşkilatları arasında əlaqə yaratmaq lazımdır. Mən Azərbaycanın Küveytdəki səfirindən belə bir məlumat almışam ki, keçən il yay ayları ərzində 620 Küveyt vətəndaşına turist vizası verilib. Məlumatıma görə, gələn ilin yay aylarında Küveytdən çoxsaylı turistlər ailələri ilə Azərbaycana gəlmək niyyətindədirlər. Azərbaycanda turizm üçün çox gözəl yerlər var.

- Yaxın zamanda iki ölkə arasında yeni sazişlərin imzalanması gözlənilirmi?

- İki ölkə arasında təxminən 14 saziş imzalanıb. İqtisadiyyat, turizm, kapital qoyuluşu, gənclər, idman, mədəniyyət, diplomatik pasportlar üçün vizanın ləğv olunması barədə sazişlər var. Təhsil sadəsində Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq sazişi imzalanıb. Bunun əsasında artıq ilk ərəb tələbələri bu akademiyada oxuyacaqlar. Oğlum bakalavr səviyyəsində təhsil alacaq, qızım isə magistr səviyyəsində bu akademiyasında təhsil alacaq. ADA-da 27 ölkədən tələbə təhsil alır və biz çalışacağıq ki, ərəb, xüsusilə Küveyt tələbələri bura gəlib təhsil alsınlar.

- İki ölkə arasında qarşılıqlı səfərlərin təşkil olunması gözlənilirmi?

- Azərbaycanın prezidenti Küveytdə olub. İndi da biz Küveyt əmirinin Azərbaycana səfəri üzərində işləyirik. Amma regionda vəziyyət mürəkkəbdir, eyni zamanda dövlət başçılarının iş qrafiki baxımından uyğun vaxt tapmaq lazımdır. Ona görə bu səfəri təşkil etmək üçün müəyyən bir zamana ehtiyac var. Mən bu məsələ üzrə işləyəcəyəm.

- Küveyt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqe tutur?

- Küveyt bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikasının yanındadır, biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin bütün müvafiq qərarlarını müdafiə etmişik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR