Mədəniyyət və turizm naziri: “Azərbaycan turizmlə bağlı iki yeni istiqamətdə iş aparır”

Mədəniyyət və turizm naziri: “Azərbaycan turizmlə bağlı iki yeni istiqamətdə iş aparır”
# 03 aprel 2014 13:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bakı və bəzi regionlar ənənəvi olaraq turizm üçün cəlbedicidir. Ancaq hazırda Azərbaycan turizmlə bağlı iki yeni istiqamətdə iş aparır”.

APA-nın verdiyi məlumata gərə, bunu bu gün “Səmərəli turizm klasetlərinin inkişafı” üzrə seminarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Ə. Qarayev deyib ki, son dövrlərə qədər Azərbaycanda qış turizmi üçün imkan mövcud olmayıb, dağlardakı qarın imkanlarından, xizək idman növündən istifadə edilməyib: “5 il əvvəl prezident İlham Əliyev Şahdağda Qış Turizm Kompleksinin yaradılmasına qərar verdi. Qış turizmi ilə bağlı digər ölkələrin təcrübəsini öyrənmək istəyirik və buna ümidlə baxırıq. Digər tərəfdən, Litva və Avstriyalı mütəxəssislər “Tvininq” Proqrammı çərçivəsində Azərbaycanda turizmi qiymətləndirəcək, təkliflər veriləcək və bu, turizmin dövlət tərəfindən idarə edilməsi sahəsində mühüm irəliləyişlərə nail olmağa imkan verəcək. “Litva və Avstriya mütəxəssislərinin tövsiyələri bizim üçün dəyərlidir, bu, Azərbaycan turizminə kənardan baxışdır”.

Ə. Qarayev vurğulayıb ki, beynəlxalq dəstək Azərbaycanda turizmin inkişafına, xidmətlərin səviyyəsinin artmasına imkan yaradacaq: “Bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinə imkan yaradıldığı üçün BMT-nin Ümumdünya Turizm Təşkilatına təşəkkür edirəm. Turizm daha çox şəxsi məsələdir. Biz birlikdə dünyanı daha gözəl məkana çevirə bilərik. Sabah BMÜTT Avropa Komissiyasının 57-ci iclası turizm sahəsində keçirilən mötəbər tədbirlərdən birinə çevriləcək”.

Qeyd edək ki, tədbirdə BMÜTT baş katibi Taleb Rifai, BMÜTT-də təmsil olunan ölkələrin bu qurumdakı nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR