Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
# 03 may 2024 19:40 (UTC +04:00)

Dialoq Forumu çərçivəsində Mədəniyyət naziri Adil Kərimlinin mayın 3-də daha bir görüşü Şri-Lankanın buddhasasana, din və mədəniyyət işləri naziri Vidura Viçramanayake ilə olub.

APA xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib, bu il altıncı dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb.

Nazir həmçinin bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bunun beynəlxalq birliyin Azərbaycanın ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə göstərdiyi həssas münasibətinə verilən qiymət olduğunu deyib.

Nazir Vidura Viçramanayake Forumun yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı mədəni irsin qorunması sahəsində əməkdaşlıqla bağlı müzakirə aparılıb. Ölkəsinin mədəni irsin qorunması ilə bağlı zəngin ənənələrə malik olduğunu deyən Şri-Lanka naziri bu sahə üzrə təcrübələrini Azərbaycanla bölüşə biləcəklərini diqqətə çatdırıb.

Vidura Viçramanayake Azərbaycanın mədəniyyət nazirini Şri-Lankaya rəsmi səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR