Azərbaycan filmi Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edəcək

Azərbaycan filmi Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edəcək
# 30 iyun 2014 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” bədii filmi dünyanın ən böyük kinoforumlarından olan Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edəcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Asif Rüstəmovun rejissoru olduğu “Axınla aşağı” bədii filmi festivalın “East of the West” müsabiqəsində, 12 film arasında yarışacaq. Filmin dünya premyerası iyulun 10-da festival çərçivəsində baş tutacaq.

“Axınla aşağı” psixoloji ailə dramıdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiyadır. Quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

Qeyd edək ki, 1956-cı ildən keçirilən Karlovı Vari Film Festivalı dünyanın “A” kateqoriyalı 12 festivalından biridir. Məşhur kino ulduzlarının hər il iştirak etdiyi bu festivalda dünya kino sənayesində öz sözünü demiş məşhur rejissorlar, aktyorlar iştirak edir. Builki festivalın qonaqları arasında Andrey Zvyagintsev, Fanni Ardan, Laura Dern, Asia Arcento və başqaları var. Amerikalı aktyor və rejissor Mel Gibson festivalın “İncəsənətə verdiyi töhfəyə görə” mükafatına layiq görüləcək.

Festivalın əsas mükafatı olan “Büllur Kürə” ən yaxşı bədii filmə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR