Lənkəranda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib - FOTO

Lənkəranda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 19 mart 2014 16:50 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nümayəndələrinin, rayon ağsaqqallarının, ziyalıların, din xadimlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynov açıb.

Daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev müzakirə olunan mövzu barədə geniş məruzə edib. Natiq Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq hüquqi normalara uyğunlaşdırıldığını xüsusi vurğulayaraq, ölkədə dövlətlə dini qurumlar arasında münasibətlərin Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, “Dini etiqad azadlığı haqqında” qanun və digər qanunvericilik aktları ilə tənzimləndiyini diqqətə çatdırıb.

DİN rəsmisinin sözlərinə görə, radikal yönümlü təriqətlərin, sektalar, dini icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik və ədavətin salınması, dözümsüzlük ideyalarının yayılması, ölkə ərazisində ictimai sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə 2009-cu ildə təmsil etdiyi qurum tərəfindən Tədbirlər Planı təsdiq edilərək icraya yönəlib, “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə riayət edilməsi ilə əlaqədar bir sıra konkret tədbirlər görülüb.

Lənkəran ŞİH başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev isə çıxışında müasir mərhələdə Azərbaycan hökumətinin din siyasətinin Heydər Əliyevin demokratik dövlət quruculuğu kursuna əsaslandığını, ölkədə mövcud ictimai-siyasi sabitliyin, milli-mənəvi həmrəyliyin, etnik-dini tolerantlığın mütərəqqi tarixi ənənələrdən bəhrələnməsinin belə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirib.

Tədbirdə həmçinin DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxış edərək, Lənkəran şəhərində dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR