Azərbaycanda müəllimlərin dərs bölgüsü ilə bağlı tətbiq edilən yeniliklər açıqlanıb

Azərbaycanda müəllimlərin dərs bölgüsü ilə bağlı tətbiq edilən yeniliklər açıqlanıb
# 22 aprel 2014 12:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllimlərin dərs bölgüsü ilə bağlı tətbiq edilən yeniliklər açıqlanıb.

APA-nın xəbərinə görə, yeni təsdiq edilən qaydalara əsasən təhsil müəssisələrində müəllimlərə tələbat müəyyənləşdirilib.

Belə ki, müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür.

Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 6-11 saat olduğu halda, digər müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Çalışmanın son yaş həddinə çatmış müəllimlərin dərs yükü onlarla bağlanmış müqavilə müddətində vakant yerlərin müəyyənləşdirilməsi zamanı nəzərə alınmır.

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə sosial məzuniyyət yerinə müəllimlərin işə qəbulu nazirliyin, digər müəssisələrə isə təhsili idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda, təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil müəssisələrinin rəhbərləri hər il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə Təhsil Nazirliyinə təqdim edir. Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə cədvəli tabelik üzrə idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək müəssisə üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və vakant dərs saatları cədvəldə göstərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR