İstanbulda İslam maliyyəsinə həsr olunmuş forum keçirilir

 İstanbulda İslam maliyyəsinə həsr olunmuş forum keçirilir
# 09 sentyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İstanbulda IX Beynəlxalq İslam iqtisadiyyatı və maliyyəsi forumu işə başlayıb. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək tədbir Türkiyə hökuməti, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (Statistical, Economic and Social Research and Training Center for Islamic Countries), İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnstitutu (IRTI), İslam İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya və Qatar Fondunun təşkilatçılığı ilə keçirilir. Azərbaycanı forumda Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov təmsil edəcək.

Tədbirin əsas mövzuları «Artım, bərabərlik və stabillik: İslam baxışı» və «Davamlı maliyyə və davamlı inkişaf» olacaq.

Ümumiyyətlə, tədbirdə «İslam iqtisadiyyatı və onun məzmununun İƏT ölkələrinin inkişafına təsiri», «Müqəddəs Quranda Kommersiya və Ticarət ifadələri», «İnkişaf indeksi: İnsan kapitalı inkişafının ölçülməsinə yeni ətraflı baxış», «BMT-nin Minilliyin İnkişafı Məqsədləri və Ərəb Baharı», «İslam biznes etikası və dəyərləri», «Korporativ Sosial Məsuliyyət», «Korporativ İdarəetmə» və s. kimi mövzuların müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, forumda Türkiyə prezidenti Abdullah Gül və bir sıra yüksək vəzifəli məmurlar, İstanbul Birjasının məsul şəxsləri, Türkiyə Müştərəklik Bankları Assosiasiyasının rəhbərliyi, MUSİAD, Böyük Britaniya və ABŞ-ın bir sıra universitetlərinin (Durham, Oxford, Cambridge, Harvard, Rice) professorları, bir sıra dövlətlərin yüksək çinli məmurları da çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR