Azərbaycanda bank kassa dövriyyəsi 28% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 28% artıb
# 13 may 2013 14:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-mart aylarında 8,516 mlrd. manat, məxaric hissəsi isə 8,227 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin müvafiq dövrünə nisbətən 27,8%, məxaric hissəsi isə 22,1% artıb.

Beləliklə, rübün nəticələrinə görə bank kassa dövriyyəsində 289 mln. manat həcmində müsbət saldo yaranıb, lakin eyni zamanda dövr ərzində 172,7 mln. manat həcmində pul emissiyası həyata keçirilib.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşür. Bu mənbədən bank kassalarına 5,691 mlrd. manat və ya ümumi mədaxilin 66,8%-i daxil olub. Digər iri mənbələr sırasında hüquqi şəxslərdən daxilolmalar (1,578 mlrd. manat və ya 18,5%), fiziki şəxslərdən daxilolmalar (644 mln. manat və ya 7,8%) var.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 3,426 mlrd. manat və ya 41,6%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 2,308 mlrd. manat və ya 28,1%, bankomatlara pul qoyuluşunun payına 2,235 mlrd. manat və ya 27,2% düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR