«BakuTel-2013»də Azərbaycan qlobal «Code.org» hərəkatının Kod Saatı təşəbbüsünün təqdimatı keçirilib

«BakuTel-2013»də Azərbaycan qlobal «Code.org» hərəkatının Kod Saatı təşəbbüsünün təqdimatı keçirilib
# 02 dekabr 2013 12:29 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan ACM Bölməsi «BakuTel-2013» beynəlxalq İKT sərgisində proqramlaşdırmanı populyarlaşdıran qlobal «Code.org» hərəkatının Kod Saatı təşəbbüsünü təqdim edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 9-15-də – İnformatika Təhsili Həftəsi çərçivəsində keçirilən Kod Saatı (Hour of Code) bütün dünyada hər kəsi təşviq edir ki, bir saatını proqramlaşdırmanın əsaslarını öyrənməyə və ya öyrətməyə sərf etsin.

«Kod Saatında uşaq bağçasından tutmuş ibtidai sinif şagirdinə qədər, universitet tələbəsindən tutmuş təqaüdçüyə qədər, ixtisas və təhsilindən asılı olmayaraq hər kəs əyləncəli onlayn dərsliklər vasitəsilə kod yazmağı öyrənə bilər. «Code.org» tərəfindən təşkil olunan bu təşəbbüsə «Apple», «Google», «Microsoft», «Amazon» kimi məşhur İKT nəhəngləri ilə yanaşı informatika üzrə ən qədim qlobal elm və təhsil təşkilatı olan ACM də dəstək verir», - deyə xəbərdə vurğulanıb.

Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov bildirib ki, bu təşəbbüs çərçivəsində hazırlanan dərslikləri Azərbaycan dilinə tərcümə edərək, ölkəmizin də Kod Saatında iştirakına kömək olsun: «Kod Saatında təqdim olunan interaktiv dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar «Angry Birds» və «Plants vs. Zombies» kimi video-oyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Tsukerberqin iştirak etdiyi video-mühazirələrdən kod yazmağı öyrənəcəklər».

Azərbaycan ACM Bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.

Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 2012-ci il fevralın 24-də təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR