Zərdabda yeni təhsil müəssisələrinin açılış mərasimi keçirilib

Zərdabda yeni təhsil müəssisələrinin açılış mərasimi keçirilib
# 16 sentyabr 2013 12:08 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdabda yeni tədris müəssisələrinin açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, “Bilik günü” münasibətilə bu gün Zərdab rayonunda 360 şagird yerlik Çallı, 220 şagird yerlik İsaqbağı kəndlərində tam orta, Aşağı Seyidlər kəndində 80 şagird yerlik ümumi orta məktəblərinin yeni binaları müəllimlərin və şagirdlərin istifadəsinə verilib.

Zərdab Rayon İcra Hakimiyyətinin sifarişi ilə tikilən hər 3 məktəb yeni inventarlarla təchiz edilib.

Yeni məktəb binalarının açılış mərasimində ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatı Jalə Əliyeva və Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək bildirib ki, son 10 ildə rayonda 2376 şagird yerlik 13 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilib, 600 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilib. Bu gün 660 şagird yerlik 3 məktəb binası istifadəyə verilir. Qeyd olunub ki, son illərdə şəhər 1, 2, 3 nömrəli körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir edilib, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmaqla yenidən qurulub. 2007-ci ildə cəmi 47 nəfər məzun ali məktəbə daxil olubsa, bu il bu göstərici 135 nəfər olmaqla, 6 nəfər məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

Qonaqlar kollektivə yeni dərs ilində uğurlar arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR