Bülənt Karslıoğlu: “Daha güclü komanda görəcəksiz”

Bülənt Karslıoğlu: “Daha güclü komanda görəcəksiz”
# 23 oktyabr 2013 09:35 (UTC +04:00)

Bakı – APA. “Komandamız tam heyətlə cəmi 10 gündür bir araya gəlib. Buna baxmayaraq, yaxşı oynayıb, qalib gəldik”. Bunu apasport.az saytına “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.

Bakı təmsilçisi debüt etdiyi Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Universitet komandası Serbiyanın “Srvena Zvezda” klubunun daşını-daş üstə qoymayıb – 3:0.

Karslıoğlunun sözlərinə görə, yetirmələri hələ bundan da yaxşı oynamağa qadirdirlər: “Voleybolçular bir-birlərini tanıdıqca, istədiyim sistemə uyğunlaşdıqca daha güclü komanda olacağıq. Matça gəlincə, Belqrada qələbə ardınca yollanmışdıq. “İqtisadçı”nın həmişə hədəfi budur və 3 xalla da Azərbaycana dönürük. Həmçinin, Serbiyada qalibiyyət bizim üçün vacib idi. Çünki komandamız Çempionlar Liqasında debüt edirdi və başlanğıcın uğurlu olmasını istəyirdik. Sevinirik ki, Avropanın ən mötəbər klub turnirində ilk matçımız uğurla bitti”.

Türkiyəli mütəxəssis ikinci və üçüncü setlərdə hesabda geri düşmələrinə də aydınlıq gətirib: “Bu, matçda normal haldır. Həm də biz səfərdə oynayırdıq. Buna görə də ev sahibləri doğma azarkeşləri qarşısında ən yaxşı oyununu göstərmək istəyirdi. Onlar son 2 setdə hesabda bəzən bizdən öndə olsalar da, sonda rəqibə güzəştə getmədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR