Tiflisdə “Mədəniyyətlərarası dialoq” adlı gecə keçirilib

Tiflisdə “Mədəniyyətlərarası dialoq” adlı gecə keçirilib
# 02 fevral 2014 05:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında M.F.Axundov adına Mədəniyyət Muzeyində gürcü və azərbaycanlı ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” adlı gecə keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq hər il ənənəvi keçirilən mədəniyyətlərarası dialoqun vacibliyindən, gürcü və Azərbaycan xalqının dostluğundan söhbət açıb. L.Əliyeva M.F. Axundov adına Mədəniyyət Muzeyinin ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə bərpa olunduğunu, hazırda bu məkanda hər iki millətin mədəniyyət və incəsənəti istiqamətində müsbət tədbirlər həyata keçirildiyini və bu mədəniyyət ocağının həm Azərbaycana, həm də Gürcüstana xidmət etdiyini bildirib. Sonra gecədə Gürcüstan parlamentinin sabiq deputatı İshaq Novruzov, mühacirətdə olan Abxaziya Muxtar Respublikası hökuməti sədri vəzifəsini icra edən Vaxtanq Kolbaia, parlamentin sabiq deputatı Hidayət Hüseynov, Gürcüstanın mədəniyyət işçiləri və Həmkarlar İttifaqının sədri Sveta Çoçua, Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Teatrının direktoru Qoça Kapanadze, Region Opera və Balet Teatrının solisti Zurab Buxradze, həmin teatrın rəhbəri Anzor Şomaxiya və başqaları çıxış edərək əsrlərdən bəri daha da möhkəm tellərə bağlı gürcü və Azərbaycan xalqının tarixi dostuğundan, bu dostluğun gələcəkdə daha da inkişaf edəcəyi haqqında söhbət açıblar.

Tədbirdə gürcü və azərbaycanlı müğənnilərin ifasında müxtəlif mahnlar səsləndirilib və “Ceyran” folklor ansamblının üzvləri isə Azərbaycan xalq rəqslərini, o cümlədən “Sarı gəlin” rəqsini nümayiş etdiriblər.

Azərbaycan səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə təşkil olunan gecədə Azərbaycan səfirliyinin və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşları, Gürcüstan Rəssamlar İttifaqının sədri Quran Tsesxladze, Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirliyinin şöbə müdiri İrina Saqanelidze və digər rəsmi şəxslər iştirak edib.

Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov APA-ya açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıların həmişə dövlətçiliyə sadiq olduğunu, Tiflisin Qafqazda mədəniyyətlərin beşiyi olduğunu bildirib: “Bu ölkədə yaşayan azərbaycanlılar həmişə dövlətçiliyə sədaqətli olublar. Vaxtı ilə Borçalı türkləri Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Bu gün hər bir mədəniyyət ocağı tarixə çevrilən Tiflis şəhəri mədəniyyətlərimizin də beşiyi olub. Bu şəhərdə korifey sənətkarlarımız fəaliyyət göstərib, ad-san qazanıblar. Gürcülərdə belə bir məsəl var: “Qardaş qardaşıyla güclüdür”. Bu gün M.F.Axundov adına Mədəniyyət Muzeyində təşkil olunan gecə də bu dostluğun bir daha inkişafı deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR