Asəf Quliyev Milli Şura və AXCP-dən istefasının qadın məsələsi ilə bağlı olması barədə iddialara münasibət bildirib

Asəf Quliyev Milli Şura və AXCP-dən istefasının qadın məsələsi ilə bağlı olması barədə iddialara münasibət bildirib
# 02 dekabr 2013 11:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. AXCP sədrinin sabiq müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev bu qurumlardan istefasının əsl səbəbinin qadın məsələsi ilə bağlı olduğu barədə AXCP və Müsavat partiyalarının kuluarlarında gəzən söz-söhbətə münasibət bildirib.

Asəf Quliyev APA-ya açıqlamasında deyib ki, elə bir məsələ olsa, bundan qorxub çəkinməz.

Asəf Quliyev hər kəsi əlində olan faktı ortaya qoymağa çağırıb: “Əllərində bir şey yoxdursa, istefamın qadın məsələsi ilə bağlı olduğunu deyirlərsə, şərəfsiz, ləyaqətsizdirlər. Ancaq kimin əlində nə fakt varsa, ortaya qoysun, mən ona cavab verərəm. İkincisi, elə bir şey olsa belə, qorxmaram. Mən kişiyəm, kişiliyin də öz xüsusiyyətləri var”.

Asəf Quliyev Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkilləri olması səbəbindən AXCP-dən istefasının məntiqsizliyi ilə bağlı arqumentə də cavab verib. O bildirib ki, söhbət təkcə Arif Hacılının, Rauf Arifoğlunun şəxsiyyəti ilə bağlı deyil: “20 ildir, müxalifət eyni proses aparır, başını divara vurub qayıdır. Mən bu cür mübarizəyə üsyan edirəm. Mən istədim ki, yeni fikirlərimi həyata keçirəm. Ancaq öz fikirlərimi həyata keçirmək üçün Milli Şuradan gedirəmsə, məcburən AXCP-dən də getməli idim. Milli Şuranın Mitinq Komitəsinin sədri olmağım, son məqamda istefa verməyimə gəlincə, istefa verməsəydim, Milli Şura seçkidə qələbə qazanacaqdı? Milli Şuranın mitinqlərinin təşkilində əlimdən gələni etmişəm. Ancaq rayonlardan o mitinqlərə gələnlərin əzab-əziyyətinə insanın yazığı gəlir. Bilirsən ki, bu insanları bura yığırsan, nəticəsi yoxdur, insan öz vicdanı ilə mübarizə aparır, görürsən ki, yalan danışırsan. Gördüm ki, seçki uduzulub, sadəcə, görüntü yaratmaq üçün mitinqlər, hansısa tədbirlər keçirilirdi. Həm də seçkidən sonra verəcəyim istefanın heç bir effekti olmayacaqdı. Seçkiöncəsi istefamın effektini görmək üçün o dövrdə saytlara, qəzetlərə diqqət yetirmək kifayətdir. Müqayisə üçün Rüstəm İbrahimbəyovun seçkidən sonra Milli Şuranın sədrliyindən istefasına baxın. Rüstəm İbrahimbəyov istefa verib, nə effekti var? Sanki heç nə baş verməyib. Mən isə gələcəyimi, gələcəkdə atacağım addımları fikirləşirdim. Azərbaycan siyasətində heç kim mənim kimi cəsarətli addım ata bilməz, heç kim bu cür risk etməzdi. Mənim üçün seçkiöncəsi istefa verib, o rezonansı yaratmaq vacib idi”.

O, AXCP-nin Milli Şurada təmsilçiliyinə qarşı olduğunu partiyanın Məclisindəki çıxışlarında, təşkilatın sədri Əli Kərimli ilə söhbətlərində əvvəllər də açıqladığını söyləyib: “İndi vicdanım rahatdır. Dalımca danışanlara gəlincə, bəzən insan gedəndə arxasınca balaca küçük hürür, ayağınla vurursan, qaçıb gedir. Heç kimdən qorxub çəkinmirəm, heç nə mənə mane ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR