Almaniyalı deputat: “Suriyada hərbi əməliyyatların keçirilməsində ABŞ-ın ardınca gedəcək ilk ölkə olmaq istəmirik”

Almaniyalı deputat: “Suriyada hərbi əməliyyatların keçirilməsində ABŞ-ın ardınca gedəcək ilk ölkə olmaq istəmirik”
# 10 sentyabr 2013 07:59 (UTC +04:00)

Hamburq. Şamil Əlibəyli - APA. Azad Demokratlar Partiyası digər Avropa ölkələrində mühacirlərə qarşı kvota tətbiq olunması təklifinə qarşı çıxış edir.

APA-nın Almaniyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, bu barədə Azad Demokratlar Partiyasının üzvü, Hamburqu təmsil edən deputat Burkxardt Müller-Zenksen “Azadlıq naminə Fridrix Naumann Fondu” tərəfindən Azərbaycandan olan bir qrup jurnalist üçün keçirilən “Siyasət, Kütləvi İnformasiya Vasitələri və Kommunikasiya” adlı seminarda bildirib.

Onun sözlərinə görə, mühacirlərin konkret olaraq Hamburq şəhərinə gəlməsi cəmiyyəti zənginləşdirir və şəhərin uğurunun təməli sayılır: “Biz həmişə tolerant idik. Şəhərdə bəzən bu mövzularda diskussiyalar keçirilir. Alman cəmiyyətində mühacirlərin və yaxud, məsələn, Suriyadan olan qaçqınların ölkəyə gəlməsi məsələsinə qarşı çıxış edirlər”.

Suriyada baş verən hadisələr və Almaniyanın bu məsələdə mövqeyindən danışan B.Müller-Zenksen bildirib ki, bu ölkədə nəinki vəziyyət diqqətdə saxlanılmalıdır, eyni zamanda orada hər gün həlak olan insanların taleyi barədə də düşünmək lazımdır. Suriyada kimyəvi silahdan istifadə olunması ilə bağlı şərh verən deputat bildirib ki, Almaniya bu silahdan kimin istifadə etdiyini dəqiq bilmir: “Biz BMT mütəxəssislərinin rəyini öyrənməliyik. Eyni zamanda Almaniya Suriyada hərbi əməliyyatların keçirilməsində israrlı olan ABŞ-ın ardınca gedəcək ilk ölkə olmaq istəmir. Biz iki dünya müharibəsində uduzmuşuq və bir daha işğalçı kimi görünmək istəmirik. Bu cür məsələlərə həssaslıqla yanaşırıq. Ümid edirəm ki, BMT-də Rusiya və Çinlə birgə ortaq bir qərar qəbul olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR