® Dağlıq Qarabağ probleminin həlli Konsepsiyası

<font color=red>® </font>Dağlıq Qarabağ probleminin həlli  Konsepsiyası
# 07 oktyabr 2013 13:47 (UTC +04:00)

Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun (Məmmədovun) seçki platformasından

PROBLEMİN YARANMA SƏBƏBİ: XIX əsrə qədər Azərbaycanın coğrafi ərazisi təqribən 410 min kv.km. olmuşdur. Rus - İran müharibəsinin nəticəsində Azərbaycanın həm ərazisi, həm də etnosu, xalqın iradəsinə zidd olaraq 2 hissəyə bölünmüşdür. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri əsasında Cənubi Azərbaycan İranın tərkibinə, Şimali Azərbaycanın 130 min kv. km-lik ərazisi isə Rusiyanın tərkibinə daxil edilmişdir.

Həmin dövrdən başlayaraq Azərbaycanın etnik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi, çar Rusiyasının regionda əsas siyasəti olmuşdur. 1828-ci ildə Rusiya çarının əmrilə Azərbaycan türklərinə məxsus İrəvan xanlığı ləğv edilərək onun ərazisində «erməni vilayəti» yaradılmış və həmin ildən başlayaraq 10 minlərlə erməni İrandan Qarabağa, İrəvan xanlığının ərazisinə, Azərbaycanın digər bölgələrinə, o cümlədən Bakıya köçürülmüşdür. Bu proses I dünya müharibəsi dönəmində də, Türkiyə ərazisindən indiki Ermənistanın ərazisinə, ermənilərin köçürülməsi ilə davam etmişdir.

1918-ci ildə sovetlər dövründə İrəvan xanlığına aid 9 min kv.km. ərazilər ermənilərə, Dərbənd xanlığına aid olan 7 min kv.km. ərazilər isə Rusiyaya verilmişdir.

1918-ci ildə elan edilmiş Azərbaycan Demokrat Respublikası (ADR), 114 min kv. km. əraziyə malik olmuşdur.

1920-ci ildə xalqın iradəsinə zidd olaraq Azərbaycanın Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican mahallarından hissə-hissə Ermənistan Sovet Sosialist Respublikasına, Borçalı mahalı isə (sahəsi 27,4 min kv. km. olan,) Gürcüstan Sovet Sosialist Respublikasına verilmişdir. Həmin dövrdə ermənilər bolşeviklərin əli ilə Dağlıq Qarabağın ərazisini də Ermənistan Sovet Sosialist Respublikasına verilməsinə cəhd etmişlər.

5 iyul 1921-ci ildə Qafqaz bürosunda bu məsələyə baxılmış və qərara alınmışdır ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınsın, lakin ona geniş muxtariyyət statusu verilsin. 7 iyul 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası tərəfindən əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması ilə bağlı dekret imzalanmışdır.

1920-1921-ci illərdə Sovet imperiyasının tərkibində olan Azərbaycanın ərazisi 86,6 min kv.km.-dək kiçildilmişdir.

Sovet dönəmində dəfələrlə Azərbaycanın ərazisindən qoparılaraq Ermənistana verilməsi ilə bağlı cəhdlər edilmişdir.

SSRİ dağılması ilə Dağlıq Qarabağ üzərində Ermənistanın iddiaları yenidən gündəmə gəlmişdir. 20 fevral 1988-ci ildə Azərbaycan SSR DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) Vilayət Xalq Deputatları DQMV-nin Ermənistan SSR-yə birləşdirilməsi barədə qəbul etdiyi qərardan başlayaraq, 1994-cü ilə qədər davam edən Ermənistan-Azərbaycan müharibəsi nəticəsində 20 faizə yaxın müstəqil, suveren Azərbaycan respublikasının ərazisi (Dağlıq Qarabağ və onun ətraf ərazilərində yerləşən 7 rayon daxil olmaqla) Ermənistan Respublikası ordusu və Rusiya qoşunları tərəfindən işğal edilmişdir.

SSRİ dövründə və MDB çərçivəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı cəhdlər heç bir nəticə verməmiş və bu problem tədricən beynəlxalq xarakter almışdır. Ərazilərin işğaldan azad edilməsi tələbi 29 aprel 1993-cü ildə BMT-nin 822 saylı qətnaməsi, 1994-cü ildə atəşkəs haqqında Bişkek protokolu imzalanmış, lakin bu protokola nəzərdə tutulmuş Böyük Siyasi saziş imzalanmadığından atəşkəs rejimi natamam və birtərəfli olmuşdur. Nəticədə Azərbaycan Respublikasının işğal olunmuş əraziləri Ermənistan tərəfindən işğaldan azad edilməmişdir.

1996-cı ildə Lissabon Sammitində, uzun sürən danışıqlar prosesinin yekunu olaraq, Beynəlxalq Birliyin himayəsi altında “Böyük Siyasi Sazişin” hazırlanması nəzərdə tutulsa da, Sammitin yekununda qəbul olunmuş deklarasiyanın 20-ci maddəsinə Dağlıq Qarabağın adının salınmaması, nəticədə Dağlıq Qarabağın keçmiş SSRİ ərazisində olan oxşar konfliktlərdən fərqli olaraq, «mübahisəli ərazi» kimi tanınmasına səbəb olmuşdur. Sammit ancaq ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatı ilə münaqişəyə münasibət bildirilmişdir.

PROBLEMİN YARATDIĞI FƏSADLAR

Azərbaycan respublikasının 20 faizə yaxın ərazisi Ermənistan respublikası tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində 1 milyona yaxın insan qaçqın və köçkün vəziyyətinə düşmüşdür.

İşğal dövründə 17 min Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 10 minə yaxın adam əlil olmuş, 5000 minə yaxın adam əsir, girov götürülmüşitkin düşmüşdür, atəşkəs dövründə də ermənilər atəşkəs rejimini pozaraq yüzlərlə insanı qətlə yetirmiş, əsir götürmüşlər.

İşğal altında olan ərazilərdə ermənilər 12 rayona aid 870 yaşayış məntəqəsini virana qoymuşlar. 43666 inzibati binanı, 1145 məktəbə qədər və uşaq bağçasını, 1831 kinoteatrı, 10 dram teatrını, 982 kitabxananı, 862 mədəniyyət mərkəzini, 695 ümumtəhsil məktəbini, 700 səhiyyə ocağını, 22 muzeyi və 1 ali təhsil mərkəzi ermənilər tərəfindən məhv edilmişdir.

Ərazilərdə olan 7 min sənaye və kənd təsərrüfatı müəssisələri, istehsal müəssisələri öz fəaliyyətini dayandırmış və yararsız hala düşmüşdür. 8 körpü dağıdılmışdır. Ümumilikdə infrastruktur məhv edilmişdir.

Tarixi və dini abidələr ya tamamilə dağıdılmış, ya da yararsız hala salınmışdır. Zəbt olunmuş ərazilərdə 44 məbəd, 32 məscid, 21 müqəddəs dini-tarixi məkan, 13 qala yerlə yeksan edilmişdir.

Ermənilərin əsarəti altında, 808 mədəniyyət mərkəzi, 85 musiqi məktəbi, 4 incəsənət qalereyası, 6 mədəniyyət və istirahət parkı, 4 teatr, 2 konsert binası qalmışdır. Keçmiş SSRİ ərazisində yeganə çörək muzeyi olan Ağdam muzeyindən eksponatlar dağıdılaraq Ermənistana aparılmışdır. Bundan başqa Kəlbəcər muzeyinə aid 13 min, Laçın tarixi muzeyinə aid olan 45 min eksponat da Ermənistana aparılmışdır.

Müharibə nəticəsində ərazilərin fauna və florasına çox ciddi ziyan dəymişdir. Atəşkəs dövründə nəzarətsiz ərazilərin ermənilər tərəfindən yandırılması ərazilərdəki torpaqları yararsız hala salmışdır.

Beynəlxalq konvensiyaya zidd olaraq işğal altında olan ərazilər minalanmışdır.

Nəzarətsiz ərazilərdə narkotik maddələrin istehsalı və tranziti inkişaf etmişdir. Əhalinin qanunsuz silahlanma sürətlənmiş, bölgədə terror təhlükəsi artmışdır. Üç dəfə Bakı metrosunda, o cümlədən rayonlararası avtobuslarda terror törədilməsi nəticəsində yüzlərlə dinc Azərbaycan vətəndaşı həlak olmuşdur.

Zaqafqaziya dövlətlərinin sosial - iqtisadi inkişafının qarşısını almışdır. Regionda təhlükəsizlik balansının pozulmasına səbəb olmuşdur.

Dağlıq Qarabağda separatçı qüvvələrin yaranması, həmin qüvvələrin oxşar problemi olan digər ölkələrin nəzarətsiz ərazilərindəki silahlı qüvvələrlə iş birliyinə girməsi dünyada sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratmışdır.

MÜNAQİŞƏNİN TƏNZİMLƏNMƏSİ İLƏ ƏLAQƏDAR İNDİYƏDƏK VERİLƏN TƏKLİFLƏR VƏ QƏBUL EDİLMİŞ SƏNƏDLƏR

Problemin həlli ilə bağlı indiyə qədər aşağıdakı təkliflər səsləndirilmişdir.

SSRİ dövründə:

  • Ərazilərin dəyişdirilməsi – akademik A.Saxarov və sonradan «Azadlıq» radiosunun direktoru Pol Qobl tərəfindən təklif olunan bu variantda indiki Ermənistan ərazisindəki bundan əvvəl zorla Azərbaycandan alınmış Azərbaycanın tarixi torpaqlarının Dağlıq Qarabağla dəyişdirilməsi təklif edilmişdir. Hər iki tərəf bu təklifdən imtina etmişdir.
  • Dağlıq Qarabağın Ermənistana verilməsi – Azərbaycan dövlətinin Beynəlxalq Birlik tərəfindən tanınan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə və Beynəlxalq hüququn digər tələblərinə zidd olduğundan Azərbaycan bu təklifdən imtina etmişdir.
  • Dağlıq Qarabağa müstəqillik verilməsi – Azərbaycan dövlətinin suverenliyi, unitarlığı prinsiplərinə və Beynəlxalq Hüquqa zidd olduğundan Azərbaycan bundan imtina etmişdir;
  • Dağlıq Qarabağın Sovet Sosialist Respublikalar İttifaqının Mərkəzi Komitəsinin bilavasitə tabeliyinə verilməsi – Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının ara variantı kimi nəzərdə tutulduğundan Azərbaycan bundan imtina etmişdir;

MDB çərçivəsində problemin həllində Dağlıq Qarabağın tərəf kimi iştirak etməsi təklifi irəli sürülmüş, bu da Azərbaycanı konfederasiyaya sürükləyəcəyindən, Beynəlxalq hüquqaAzərbaycan dövlətinin unitarlığı prinsipinə zidd olduğundan Azərbaycan tərəfindən qəbul edilməmişdir.

Beləliklə də, SSRİ və MDB çərçivəsində verilən təkliflərin arxasında Dağlıq Qarabağın Azərbaycandan qoparılması niyyətləri gizləndiyindən Beynəlxalq Hüququn əsas prinsiplərinə və Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə zidd olduğundan qəbul edilməzdir.

Problem beynəlxalq xarakter aldıqdan sonra verilən təkliflər:

  • BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi: «Təhlükəsizlik Şurası möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir və münaqişənin ATƏM-in Minsk Qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır»
  • BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli, 853 saylı qətnaməsi: «Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.»
  • BMT Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnaməsi: «BMT Təhlükəsizlik Şurası bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk Qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır.»
  • BMT Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il tarixli, 884 saylı qətnaməsi:

«Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir…

Baş katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla, zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir»

Bu qətnamələrin heç biri indiyədək icra edilməmişdir.

MDB-nin Parlamentlərarası Assambleyası, Qırğızıstan Respublikasının parlamenti, Rusiya Federasiyasının Federal Məclisi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə 4-5 may 1994-cü il tarixində Bişkek şəhərində keçirilmiş Azərbaycan və Ermənistan Respublikası Parlament sədrlərinin görüşünün iştirakçıları: «silahlı qarşıdurmanın dayandırılması və müvafiq saziş bağlayaraq, onun nəticələrinin aradan qaldırılması istiqamətində icra hakimiyyətləri başçılarının və nümayəndələrinin səylərinin tam dəstəklənməsi üçün razılıqlarını ifadə edən və münaqişə aparan tərəfləri mayın 8-dən 9-na keçən gecə atəşi dayandırmağa və bunu ən qısa müddətdə təsbit etmək üçün intensiv iş apararaq hərbi əməliyyatların zorakılıqların bərpa edilməməyini, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını və kommunikasiyaların bərpası, qaçqınların yerlərinə qayıtmasını və danışıqlar prosesinin davam etdirilməsini təmin edən mexanizmi nəzərdə tutan etibarlı, hüquqi öhdəçilik təyin edən saziş imzalamağa çağıran» Protokol imzalamışlar. Bu Protokolun nəticəsi olaraq atəşin dayandırılması təklifi qismən həyata keçirilsə də, digər müddəalar, xüsusilə də sülh sazişini imzalamaq mümkün olmamışdır.

ATƏT-in Lissabon Sammitində Dağlıq Qarabağ münaqişəsi Gürcüstan və Moldova ərazisindəki analoji münaqişələrdən fərqli qiymətləndirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmışdır və Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar yalnız ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatı verilmişdir ki, bu da siyasi xarakter daşımışdır. Bunun nəticəsində də ATƏT üzvü olan ölkələr Dağlıq Qarabağ ərazisinə mübahisəli ərazi kimi yanaşmışlar.

ATƏT-in Minsk qrupunun təklifləri:

18 iyul 1997-ci ildə ATƏT-in Minsk Qrupunun təklifi: “Paket” variantı;

02 dekabr 1997-ci ildə ATƏT-in Minsk qrupunun təklifi: “Mərhələli” variant;

7 noyabr 1998-ci ildə ATƏT-in Minsk qrupunun təklifi: “Ümumi dövlət” variantı;

Bu planların hər üçündə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq müstəqil dövlətə çevrilməsi ideyası təklif edilmişdir ki, buna görə də Azərbaycan tərəfindən rədd edilmişdir.

“Alland” adaları statusunun verilməsi təklifi ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa dövlət rəhbəri C.Şirak tərəfindən verilmişdir. Lakin Minsk qrupunun digər həmsədrləri və Azərbaycan tərəfindən qəbul edilməmişdir.

Rusiya Federasiyası Kosova variantını təklif etmişdir, lakin NATO və Avropa Birliyi bu təklifin əleyhinə çıxmışdır.

NATO-nun Pribaltika sammitində regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində üç prinsipə - ərazi bütövlüyü, suverenlik, müstəqillik prinsiplərinə uyğun həll olunması nəzərdə tutulmuşdur.

Azərbaycan və Ermənistanda fəaliyyət göstərən siyasi partiyalar, Dağlıq Qarabağın Azərbaycanlı və Erməni icmaları, ayrı-ayrı ziyalılar tərəfindən münaqişənin həlli ilə bağlı müxtəlif təkliflər verilmişdir, bütün bu təkliflər problemin həllində müsbət irəliləyişlərə gətirib çıxarmamışdır.

ADP TƏRƏFİNDƏN TƏKLİF OLUNAN YENİ KONSEPSİYANIN MƏQSƏDİ

Konsepsiyanın məqsədi yaranmış problemin ədalətli həll olunması, regionda uzun müddətli sülhün təmin olunması, Zaqafqaziya xalqları arasında düşmənçiliyin aradan qaldırılması, münaqişəyə cəlb olunmuş hər iki tərəfin qalib kimi münaqişədən çıxması, münaqişə nəticəsində qaçqın və köçkün düşmüş insanların öz yaşadıqları ərazilərə qaytarılması, dövlətlərin bir-birinin təhlükəsizliyinə təminat verməsi və dinc qonşuluq şəraitində yaşaması, dağılmış ərazilərin mədəni və təbii vəziyyətinin bərpası, bununla da regionda təhlükəsizliyin təmin olunması, reqion dövlətlərinin iqtisadi inkişafına inteqrasiyasına nail olunması, Azərbaycan və Ermənistan respublikalarının bir-birlərinin ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini tanınmasıdiplomatik əlaqələrin qurulması, xalqlar arasında qarşılıqlı etimadın yaradılması.

Konsepsiya Azərbaycanın və Ermənistanın Beynəlxalq Birlik tərəfindən qəbul olunmuş ərazi bütövlüyü, suverenlik, müstəqillik kimi prinsiplərə hörmət edilməsinə, qlobal dünyada bu cür münaqişələrin dünyanı təhdid etməsinin qarşısının alınmasına, terrorizmin mənbələrinin aradan qaldırılması, digər ölkələrdəki separatçı hərəkatlara stimul verməmək məqsədi daşıyır. ADP hər iki tərəfin bu konfliktdən qalib çıxması üçün Azərbaycanın və Ermənistanın milli dövlətçilik prinsiplərindən imtina etməklə, münaqişənin həllində qloballaşmanın fəlsəfəsinə, təcrübəsinə və prinsiplərinə istinad edilməsini məqbul hesab edir.

TƏKLİFLƏR:

ADP Dağlıq Qarabağ probleminin həllini Beynəlxalq hüquqa, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO-nun qəbul etdiyi prinsiplərə və Beynəlxalq təcrübəyə uyğun həll olunmasını nəzərdə tutur.

Rəhbər götürülən beynəlxalq hüquqi prinsiplər:

  • Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi (24 oktyabr 1945-ci il);
  • BMT-nin Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi insan hüquqları haqqında ümumi bəyannamə – «1-ci maddə: Bütün insanlar hüquq və ləyaqətləri baxımından azad və bərabər doğulurlar. Onlar yalnız ağıl və vicdanlarına görə fərqlənirlər və bir-birilərinə münasibətdə qardaş kimi davranmalıdırlar.; 2-ci maddə: Ölkələrin siyasi, hüquqi və ya beynəlxalq statusundan və ya insanın mənsub olduğu ölkənin müstəqil, özünüidarəetməyən və ya hər hansı formada suverenliyinin məhdudlaşdırılmasından asılı olmayaraq heç bir halda bu bəyannamədə göstərilmiş hüquqlar məhdudlaşdırıla bilməz.; 21-ci maddə: Hər bir insan öz ölkəsinin idarə olunmasında birbaşa və ya azad seçilmiş nümayəndələri vasitəsi ilə iştirak etmək hüququna malikdir.; 28-ci maddə: Hər bir insan bu bəyannamədə elan olunmuş hüquq və azadlıqların tam həyata keçirilməsinə təminat verən sosial və beynəlxalq qaydaların bərqərar edilməsi hüququna malikdir.»
  • İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (16 dekabr 1966-cı il): «Maddə-1: Hər bir xalq özünütəyin hüququna malikdir və hər bir xalq özünün siyasi statusunu müəyyənləşdirməkdə, habelə iqtisadi, sosial və mədəni inkişafı təmin etməkdə sərbəstdir.»
  • BMT Baş Assambleyasının «Dövlətlərin dostluq və BMT Nizamnaməsinə uyğun olaraq əməkdaşlığına dair Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə» (24 oktyabr 1970-ci il): - «Dövlətlərin suveren bərabərliyi prinsipləri: …d) Hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır.»; «Hər bir dövlət digər dövlətin mövcud beynəlxalq sərhədlərini pozmaq, və ya beynəlxalq mübahisələri – o cümlədən ərazi mübahisələri və sərhədlərlə bağlı mübahisələri həll etmək vasitəsi kimi güc tətbiq etməklə hədələmədən və güc tətbiq etməkdən çəkinməlidir.»
  • BMT Baş Assambleyasının «Aqressiyanın müəyyənləşməsi» haqqında qətnaməsi (14 dekabr 1974-cü il): «1-ci maddə: Aqressiya - bir dövlətin digər dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya müstəqilliyinə qarşı hərbi güc tətbiq etməsi və ya BMT Nizamnaməsi ilə bir araya sığmayan hər hansı digər hərəkətidir. 3-cü maddə: a) Bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə soxulması və ya digər dövlətin ərazisinə hücum etməsi və ya hər hansı şəkildə digər dövlətin ərazisinin bir hissəsinin anneksiyası aqressiya aktıdır. 5-ci maddə: Aqressiv müharibə beynəlxalq sülhə qarşı cinayətdir və aqressiya beynəlxalq məsuliyyət yaradır; Heç bir halda aqressiya nəticəsində əldə olunmuş ərazi və ya qənimətlər qanuni hesab oluna bilməz.»
  • BMT Baş Assambleyasının 18 dekabr 1992-ci il tarixli, milli, etnik və dini azlıqlara məxsus şəxslərin hüquqları haqqında deklarasiyası: «1-ci maddə: Dövlət öz ərazisindəki milli, etnik və dini azlıqların mövcudluğunu qoruyur və onların inkişafı üçün şərait yaradır.; 4-cü maddə: Dövlət azlıqlara məxsus şəxslərin milli qanunvericiliyə və beynəlxalq normalara zidd olmadığı hallarda öz adət-ənənələrini, dilini, dinini və mədəniyyətini inkişaf etdirməsinə dəstək verir.»
  • Avropa Şurasına üzv olan dövlətlərin «Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası» (1 fevral 1995-ci il): «15-ci maddə: Tərəflər milli azlıqlara mənsub olan şəxslərin dövlətin mədəni, ictimai və iqtisadi həyatında, xüsusilə də onlarla bilavasitə əlaqədar olan dövlət işlərində effektiv iştirakına dair öhdəlik götürürlər.»

Siyasi prinsiplər:

A: İşğalın nəticələrinin aradan qaldırılması:

  • İşğal olunmuş ərazilərdən xarici silahlı qüvvələrqeyri-qanuni silahlı qüvvələr çıxarılması və Dağlıq Qarabağın silahsızlaşdırılması;
  • İşğal olunmuş ərazilərin bərpası və münaqişə nəticəsində Azərbaycan və Ermənistan Respublikalarından qaçqın, köçkün düşmüş hər iki millətin nümayəndələri öz yaşayış yerlərinə qaytarılması;
  • Qaçqın və köçkün düşmüş hər iki millətdən olan insanların pozulmuş hüquqlarının bərpa edilməsi və onlara dəymiş ziyana uyğun kompensasiyaların ödənilməsi;
  • Münaqişə zonasına müvəqqəti olaraq Azərbaycan və Ermənistan dövlətlərinin razılığı ilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi;

B: Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarına dair:

  • Dağlıq Qarabağda yaşayan ermənilərə geniş mədəni muxtariyyətin verilməsi;
  • Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarına Avropa yerli özünüidarəetmə xartiyasına uyğun özünüidarəetmə hüququnun verilməsi:
  • Dağlıq Qarabağda yaşayan insanlara ikili vətəndaşlıq (Azərbaycan və Ermənistan vətəndaşlığı) hüququnun verilməsi;
  • Dağlıq Qarabağda azad iqtisadi zonanın yaradılması;

V: Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsinə dair:

  • Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında diplomatik və iqtisadi əlaqələrin yaradılması kommunikasiya əlaqələrinin bərpası;
  • Regionun transmilli iqtisadi layihələrində Ermənistanın iştirakının təmin olunması;
  • Ermənistanın təhlükəsizliyinə Azərbaycan və Türkiyə tərəfindən beynəlxalq təminatın verilməsi şərti ilə Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması;
  • Ermənistanın GUAM-a dəvət olunması;
  • Cənubi Qafqaz ölkələrinin Avropa Birliyi modelinə uyğun «Qafqaz Birliyi»nin yaradılması;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR