Bu il Azərbaycanda mərkəzləşmiş qaydada istiliklə təmin olunan yaşayış binalarının sayı 11% artıb

Bu il Azərbaycanda mərkəzləşmiş qaydada istiliklə təmin olunan yaşayış binalarının sayı 11% artıb
# 28 oktyabr 2013 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 15-dən etibarən Azərbaycanda mənzillərin istilik enerjisi ilə təminatı mövsümünə start veriləcək. Bunu «APA-Economics»ə açıqlamasında «Azəristiliktəchizat» ASC-nin Abonent və müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu mövsüm «Azəristiliktəchizat» 3 120 yaşayış binasını istiliklə təchiz edəcək: «Bundan yalnız 2 870-i Bakı şəhərinin payına düşür. Təkcə bu il 300-dən artıq yeni bina istiliklə təchiz olunacaq». Yəni, istilik veriləcək binaların sayı təxminən 11% artıb.

R.Əliyev bildirib ki, «Azəristiliktəchizat» ASC-nin mənbələrinə qoşulmuş bütün məktəb, uşaq bağçaları, səhiyyə ocaqları istilik alacaq: «Bu il ayrılan vəsait hesabına 515 yeni qazanxana və 115 ədəd istilik qovşağı yaradılıb, 6 məktəb, 24 uşaq bağçası və 1 xəstəxana yeni mövsümdən istilik qovşağına daxil edilib».

Qurum rəsmisi qeyd edib ki, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə «Azəristiliktəchizat»da Qaynar Xətt fəaliyyətə başlayıb. Onun sözlərinə görə, birbaşa olaraq 956 nömrəli telefon nömrəsinə zəng vurmaqla istilik təchizatı ilə bağlı bütün suallar quruma ünvanlana bilər: «Qaynar Xətt bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionlarının da sakinləri istifadə edə bilərlər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR