Sentyabrda Azərbaycanla BƏƏ arasında siyasi məsləhətləşmələr keçiriləcək

Sentyabrda Azərbaycanla BƏƏ arasında siyasi məsləhətləşmələr keçiriləcək
# 17 iyun 2014 14:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəman bu ölkənin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əhməd Əl-Cərmanla görüşüb.

Ölkəmizin BƏƏ-dəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E.Qəhrəman iqtisadi sahədə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Digər sahələrdəki münasibətlərin inkişafı üçün geniş potensialın mövcud olduğunu deyən diplomat son 5 il ərzində Azərbaycan-BƏƏ hökumətlərarası komissiyanın 4 iclasının keçirildiyini və növbətin iclasın bu ilin sonunda planlaşdırıldığını, habelə Dubay Ticarət Palatasının ilk regional nümayəndəliyinin məhz Bakı şəhərində açıldığını və bütün MDB məkanını əhatə etdiyini xatırladıb.

E.Qəhrəman həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin sabit mövqeyinin Azərbaycanda yüksək qiymətləndirildiyini önə çəkib, münaqişənin nizamlanması prosesi ilə bağlı Ə.Əl-Cərmana məlumat verib. Səfir qeyd edib ki, ikinci erməni dövlətinin Azərbaycan ərazilərində yaradılması qəbuledilməzdir.

Öz növbəsində vəzifəsinə yeni təyin olunmuş Ə.Əl-Cərman Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini deyib, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib.

Görüşdə həmçinin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin sentyabr ayında keçirilməsinə dair razılıq əldə edilib, Azərbaycanın tarazlı xarici siyasətindən, eləcə də TAP, TANAP qaz layihələrinin, xüsusən Ukraynadakı hadisələr fonunda Avropa üçün əhəmiyyətindən danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR