Azərbaycanla Asiya İnkişaf Bankı su təchizatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Asiya İnkişaf Bankı su təchizatı sahəsində əməkdaşlığı genişləndirir
# 10 iyun 2014 14:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Asiya İnkişaf Bankına (AİB) üzv olmasının 15-ci ilinin tamam olması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdə olan AİB-in vitse-prezidenti Vençay Janq “Azərsu” ASC-nin rəhbərliyi ilə görüşüb.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, “Azərsu”nun sədri Qorxmaz Hüseynov AİB-in Azərbaycanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib, “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi çərçivəsində işlərin keyfiyyətli icrasının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

V. Janq bankın Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu bildirib və bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib. Bank rəhbərliyinin Azərbaycanda həyata keçirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasından razı qaldığını bildirən V. Janq bu layihənin tezliklə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Görüşdə layihənin icra vəziyyəti və maliyyələşmə məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin AİB ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilir. Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR