Azərbaycanda 324 mindən artıq şəxsə aylıq sosial müavinət ödənilir

Azərbaycanda 324 mindən artıq şəxsə aylıq sosial müavinət ödənilir
# 15 may 2014 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprelin 1-nə Azərbaycanda 13 334 nəfər yaşa görə, 121 856 nəfər əlilliyə görə, 39 342 nəfər ailə başçısını itirməyə görə, 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə aylıq sosial müavinət alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmçinin müharibə veteranı və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49 476 nəfər hər ay sosial müavinətlə təmin olunurlar.

Ümumilikdə ölkədə aylıq sosial müavinət alanların sayı qeyd olunan tarixə 324 122 nəfərdir. Eyni zamanda, bu ilin ilk rübündə 34 171 nəfərə, o cümlədən 28 470 ailəyə uşağın doğulmasına görə, 4 114 nəfər radiasiya qəzası nəticəsində zərərə çəkərək əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilib.

Ölkədə sosial müavinətlərin orta aylıq məbləği ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 10% artıb. Həmçinin, Azərbaycan prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində müavinət aprelin əvvəlindən 22% artırılıb.

Dövlət başçısının fərmanına əsasən isə əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara hər ay aldıqları 67 manat sosial müavinətlə yanaşı, aprel ayının 1-dən etibarən ayda 60 manat olmaqla Azərbaycan prezidentinin təqaüdü də ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR