Azərbaycan Silahlı Qüvvələri tibb xidmətinin nümayəndə heyəti İstanbulda keçirilən Birinci Hərbi Tibbi Konqresində iştirak edib

Azərbaycan Silahlı Qüvvələri tibb xidmətinin nümayəndə heyəti İstanbulda keçirilən Birinci Hərbi Tibbi Konqresində iştirak edib
# 30 iyun 2014 14:55 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələri tibb xidmətinin üç nəfərdən ibarət nümayəndə heyəti İstanbul şəhərində keçirilən "Hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili və göstərilməsi" mövzusunda Birinci Hərbi Tibbi Konqresində iştirak ediblər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıya Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan nümayəndələr qatılıb. Silahlı Qüvvələrin baş cərrahı, tibb elmləri doktoru, tibb xidməti polkovniki Famil Babayev konqresin açılışında çıxış edərək hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili, xəsarət alanların çeşidlənməsi, müxtəlif qruplara tibbi yardım prinsipləri, tibbi və digər ehtiyacların müəyyən edilməsi məsələlərinin zəruri olduğunu vurğulayıb.

Bundan əlavə, hərbi münaqişələr və təbii fəlakətlər zamanı müxtəlif qurumlar, o cümlədən Səhiyyə Nazirliyi, Silahlı Qüvvələr və s. arasında əlaqələr, birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri barədə çıxışlar dinlənilib, təcrübə və fikir mübadiləsi aparılıb. Konqresdə hərbi münaqişələr və təbii fəlakətlər zamanı travmaların müalicəsi məsələlərinə ayrıca bölüm həsr olunub. Müasir diaqnostika, müalicə üsulları və yanaşmalar barədə müxtəlif çıxışlar dinlənilib, müzakirələr aparılıb, "dəyirmi masa"lar keçirilib.

Ayrıca olaraq hərbi münaqişələr və təbii fəlakətlər zamanı epidemioloji vəziyyətin öyrənilməsi və sabitləşdirilməsi, infeksion xəstəliklərin müalicə və profilaktikası, peyvəndlənmə məsələləri də müzakirə edilib.

Xüsusi vurğulanan məsələlərdən biri də hərbi münaqişələr və təbii fəlakətlər zamanı zərərçəkmişlərin həm erkən, həm də sonrakı dövrlərdə psixoloji reabilitasiyası məsələləri olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR