Azərbaycanda sosial müavinətlərin verilməsi prosesi avtomatlaşdırılacaq

Azərbaycanda sosial müavinətlərin verilməsi prosesi avtomatlaşdırılacaq
# 29 dekabr 2013 14:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda beş uşaqlı ailələrə əlavə müavinətin verilməsi dövlət büdcəsindən verilən vəsait hesabına maliyyələşəcək və prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, bununla bağlı rayonların sosial müdafiə mərkəzlərində məlumatlar toplanacaq.

Beş uşaqlı ailələrin həmin mərkəzlərə müraciət etməli olduqlarını deyən nazir qeyd edib ki, bu proses qısa müddətdə avtomatlaşdırılacaq: “Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən əhalinin reyestri tərtib olunub və artıq bu proses başa çatmaq üzrədir. Orada ailələrin tərkibi və hər ailədə olan üzvlərin sayı barədə məlumatlar olacaq. Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyinin əməkdaşları bu məsələni birgə müzakirə ediblər. Bununla bağlı danışıqlar başlayıb. Yanvarın 7-də nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Ədliyyə Nazirliyində olacaq. Bu məsələ ilə bağlı hər iki nazirlik arasında sistemlərin birləşdirilməsi istiqamətində intensiv fəaliyyətə başlanacaq. O zaman insanlardan hər hansı bir sənəd istənilmədən 18 yaşa qədər olan uşaqların sayına görə bu prosesi həyata keçirmək olacaq”.

S.Müslümov qeyd edib ki, nazirliyə avtomatlaşdırma proseslərini həyata keçirmək üçün maksimum 1 il vaxt lazım olacaq. Onun sözlərinə görə, avtomatlaşdırma sistemi yalnız beş uşaqlı ailələrə müavinətlərin verilməsinə deyil, eyni zamanda ünvanlı sosial yardımın, digər müavinətlərin təyin olunmasına da şamil olunacaq. Bu proseslərin avtomatlaşdırılmış şəkildə aparılması üçün xüsusi proqramlar hazırlanmalı, digər orqanların informasiya bazalarına çıxış imkanları əldə olunmalıdır. Sadəcə, bir telefon zəngi, elektron müraciətlər və ya poçt şöbələrinin qarşısına quraşdırılan inform-köşklər vasitəsilə müraciətlər qəbul olunacaq. Avtomatik şəkildə dərhal informasiya bazalarına müraciət edilməklə onların düzgünlüyü yoxlanılacaq. Bu düzgünlük təsdiq olunarsa, o zaman həmin şəxslərə müavinətlərin verilməsinə başlanacaq”.

Nazir bildirib ki, ölkədə beş uşaqlı ailələrə əlavə müavinətlərin verilməsi iki məqsədə xidmət edir. İlk növbədə çoxsaylı uşaqların maddi durumunun yaxşılaşdırılması onların sosial müdafiəsinin gücləndirilməsi məsələsini gündəmə gətirir: “Digər tərəfdən, bu, demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində atılmış böyük addımdır. Azərbaycanda əhalinin yüksək təbii artımı var. Yaxın zamanlarda Azərbaycan əhalisinin sayı 10 milyondan çox olan ölkələrdən biri olacaq. Nazirliyin mühüm funksiyalarından biri də demoqrafik problemlərin tədqiqidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR