Lənkəranda general Fikrət Məmmədovun xatirəsi anılıb - FOTO

Lənkəranda general Fikrət Məmmədovun xatirəsi anılıb - <span style="color: red;">FOTO
# 15 may 2014 16:34 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Mayın 15-də Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri, general-mayor Fikrət Seyfulla oğlu Məmmədovun faciəli vəfatının 12-ci ildönümü ilə əlaqədar onun doğulub boya-başa çatdığı Lənkəran şəhərindəki evinin qarşısında anım tədbiri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, yerli ictimaiyyətin, məktəblilərin, komandirin yaxın dostlarının, qohumlarının toplaşdığı mərasimdə səslənən çıxışlarda generalın ömür yolundan söz açılıb. Bildirilib ki, 1961-ci ildə Lənkəranda dünyaya göz açan F.Məmmədov uşaq yaşlarından babası və atası kimi hərbçi olmaq arzusu ilə yaşayıb. Şəhər 4 saylı orta məktəbi bitirdikdən sonra 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunub.

1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri və desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən F.Məmmədov təhsilini daha sonra Moskvada Frunze adına Hərbi Akademiyada davam etdirib. Gənc komandir 1993-cü ildən müstəqil Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb. N saylı briqadada qərargah rəisi vəzifəsində çalışan F.Məmmədov az sonra briqada komandiri təyin olunub. 1995-ci ildə F.Məmmədov artıq Birinci Ordu Korpusunun qərargah rəisi, 1998-ci ilin mayında isə general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. “Qırmızı Uldiz”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medallarla təltif olunan Fikrət Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasına düşərək faciəli surətdə həlak olub.

Lənkəran şəhərinin mərkəzi küçələrindən birinə general Fikrət Məmmədovun adı verilib. Oxuduğu şəhər 4 saylı orta məktəbin foyesində büstü qoyulub, doğulduğu evə isə xatirə lövhəsi vurulub.

Mərasimdə şəhər 4 saylı orta məktəbin şagirdlərinin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya böyük maraqla qarşılanıb. Sonda mərhum generalın ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR