AMEA və “Azərkimya” İstehsalat Birliyi arasında birgə işçi qrupu yaradılıb

AMEA və “Azərkimya” İstehsalat Birliyi arasında birgə işçi qrupu yaradılıb
# 11 iyun 2014 13:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərkimya” İstehsalat Birliyinin fəaliyyətini daha sıx əlaqələndirəcək birgə işçi qrupu yaradılıb. APA-nın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

Belə ki, daimi fəaliyyət göstərəcək işçi qrupu bu il sentyabrın sonuna qədər akademiyanın Kimya Elmləri Bölməsinin təkliflərini müzakirə etməli və konkret tədbirlər planı işləyib hazırlayaraq istehsal üçün “Azərkimya”ya təhvil verməlidir.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, 2011-ci ildə ARDNŞ-in Elm Fondunun təşkili ölkədə elmi tədqiqatların maliyyələşdirilməsində, həmçinin elmi müəssisə və təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addım olub. Onun sözlərinə görə, AMEA-da neft şirkətinin maliyyə dəstəyi ilə aparılmış tədqiqatların nəticələrinin bir qismi istehsalatda tətbiq edilməkdədir. Hazırda “Azərkimya” özünün yeni istehsalat sahələrini yaradır. Akademik bu müəssisə ilə əməkdaşlığın inkişafını elmi-tədqiqat işlərinin daha geniş miqyasda aparılmasına, elmi nəticələrin istehsalatda tətbiqi prosesinin sürətləndirilməsinə, həmçinin alimlərin əməyinin daha da stimullaşdırılmasına imkan yaradacağına əminliyini qeyd edib.

Tədbirdə “Azərkimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev müəssisədə yeni formalaşdırılan istehsalat sahələri barədə məlumat verib. İclasda iki qurum arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR