Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı müşavirini qəbul edib

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı müşavirini qəbul edib
# 01 avqust 2013 15:12 (UTC +04:00)

Bak-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov iştirak etmişdir.

E. Süleymanova Ombudsman təsisatının BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini diqqətə çatdırıb.

Müvəkkil bu il Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının keçirildiyini, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) müzakirəsi məqsədilə dövlət orqanları və vətəndaş cəmiyyəti, insan hüquqları sahəsində çalışan QHT-lərin nümayəndələri ilə məsləhətləşmələrin, respublikamızın hər bir rayonunda ictimai dinləmələrin təşkilini vurğulayıb.

V.Şkolnikov təmsil etdiyi qurumla əməkdaşlığı yüksək dəyərləndirdiyinə görə Müvəkkilə təşəkkür edib, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini, UDİ prosesində fəal mövqeyini vurğulayıb.

Qeyd olunub ki, “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasının müvafiq maddəsində nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarının da həyata keçirilməsi Müvəkkilə tövsiyə edilib. Müvəkkil həmin Konvensiyanın həyata keçirilməsi üzrə monitorinqlərin iki istiqamət – əlil uşaqların sağlam valideynlər, sağlam uşaqların isə əlilliyi olan valideynlər ailəsində vəziyyətinin öyrənilməsi üzrə aparılmasının əhəmiyyətini vurğulamış, bu işdə də dəstək verilməsini təklif edib.

V.Şkolnikov Ombudsman təsisatı ilə əməkdaşlığa önəm verildiyini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən işgüzar əlaqələri davam etdirərək təsisata dəstək vermək niyyətində olduğunu vurğulayıb.

Görüşdə, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR