Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa start veriləcək

 Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa start veriləcək
# 19 oktyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın 2012 – 2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə 21 – 25 oktyabr tarixlərində Bakı şəhərində BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa (Model United Nations Security Council) start veriləcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alınaraq simulasiya oyununun əsas mövzusu kimi “Kiber təhlükəsizlik” seçilib.

Tədbir iştirakçılarının simulasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl 2 gün ərzində (21-22 oktyabr) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçiriləcək. Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Rabitə və İnformatika Texnologiyaları naziri Əli Abbasov, Xarici İşlər Nazirinin müavini Araz Əzimov və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir zamanı BMT baş katibi Ban Ki Moon-un video müraciəti də nəzərdə tutulub. BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavinin Bakıya səfəri başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR