Nazirlik kitabxanaların zəruri nüsxələrlə təmin edilməsi ilə bağlı parlamentə layihə təqdim edib

Nazirlik kitabxanaların zəruri nüsxələrlə təmin edilməsi ilə bağlı parlamentə layihə təqdim edib
# 06 dekabr 2013 09:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mədəniyyət və Turizm Nazirliyi kitabxanaların zəruri nüsxələrlə təmin edilməsi ilə bağlı parlamentə təklif layihəsi təqdim edib.

Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

Nizami Cəfərov bildirib ki, hazırda kitabxanalara nəşriyyatlarda çap edilən kitabların nə özü, nə də elektron variantları göndərilmir. Bunun üçün isə “Kitabxanaçılıq işi haqqında” qanuna düzəliş edilməlidir. Mədəniyyət Komitəsinin sədri bu məsələnin ilk baxışda sadə göründüyünü, əslində isə kifayət qədər mürəkkəb olduğunu bildirib: “Çünki bu işin həyata keçirilməsi üçün vəsait tələb olunur. Ola bilər ki, hansısa nəşriyyat çap edilən kitabların kitabxanalara göndərilməsində maraqlı olsun və bununla bağlı poçt xərcini ödəsin. Ancaq bütün nəşriyyatlarla bağlı bunu söyləmək çətindir. Nəşriyyatların müəyyən hissəsi bu xərci ödəməyəcək. Kitabxanaların da belə bir vəsaiti yoxdur. Bu işin dövlət tərəfindən görüləcəyini müəyyənləşdirmək də kifayət qədər çətin məsələdir. Daha çox məqbul variant büdcədən bu məqsədlə poçt xidmətinə vəsaitin ayrılması ola bilər. Bununla bağlı Milli Məclis müvafiq dövlət orqanları ilə müzakirələr aparır”.

Nizami Cəfərov qeyd edib ki, nəşriyyatların çap edilən zəruri nüsxələrin elektron variantlarını kitabxanalara göndərilməsi daha az maliyyə tutumlu ola bilər: “Ancaq bu sahədə də problem var. Yəqin ki, ancaq mərkəzi kitabxanalarda kitabların elektron variantda qəbulu və bundan yararlanılması imkanları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR