Elxan Şahinoğlu: “Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında dialoqa, fikir mübadiləsinin aparılmasına ehtiyac var”

Elxan Şahinoğlu: “Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında dialoqa, fikir mübadiləsinin aparılmasına ehtiyac var”
# 29 noyabr 2013 15:17 (UTC +04:00)

Dünən və bu gün keçirilən konfransda müxtəlif fikir mübadilələri aparılır, müxtəlif təcrübələr öyrənilir, Kipr nümunəsindən danışılır. Kiprdən gəlmiş nümayəndə heyətinin üzvləri Kiprdə dialoqun necə qurulduğu, münasibətlərin hansı formada təkmilləşdirilməsi haqda məlumat verdilər”. Bu sözləri APA-ya açıqlamasında Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşdə iştirak edən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu bildirib ki, tədbirdə Avropa Şurasının rəsmləri də iştirak edir və öz fikirlərini bildirirlər: “Onlara müxtəlif suallar ünvanladıq. Məsələn, məni şəxsən Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə müsbət rol oynaya biləcəyi maraqlandırır. Avropa Şurası rəsmlərinin cavablarından, çıxışlarından bu nəticəyə gəldim ki, bəli, Avropa Şurası münaqişənin həllinə maraq göstərir, ancaq ATƏT-in Minsk Qrupunu əvəz etmək istəmir. İki ölkənin cəmiyyətləri arasında dialoq imkanlarını öyrənirlər və bu məsələdə sürətli getmək də istəmirlər. Düşünürlər ki, sürətli getsələr, əksinə, vəziyyəti düzəltmək əvəzinə, onu daha da qəlizləşdirə bilərlər. Ona görə də həm Azərbaycandan, həm də Ermənistandan gələn nümayəndə heyətlərinin üzvləri daha çox dinləyirlər, münasibətlərini bildirirlər, fikir mübadiləsi aparırlar. Hesab edirəm ki, iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı belə dialoqlara, fikir mübadiləsinin aparılmasına ehtiyac var. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşdülər. Düzdür, hələ nəticə yoxdur və iki ildən sonra baş tutan dialoq davam edir. Amma düşünürəm ki, bir gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh sazişi imzalansa, masa üzərində olan Madrid prinsiplərinə uyğun olaraq, iki ölkə arasında münasibətlər normallaşmalıdır, sərhədlər açılmalıdır və vətəndaş cəmiyyətləri arasında da təmaslar başlamalıdır. Hesab edirəm ki, elə bu iki günlük konfransın da məqsədi ondan ibarətdir ki, həmin günü gözləmədən artıq bu prosesi tədricən başlamaq olar. Yəni, üçüncü ölkələrdə belə təmaslar, fikir mübadilələri indidən aparılmalıdır. Vacib deyil ki, burada qlobal məsələləri müzakirə edək. Xırda, adi məsələlər də müzakirə edilə bilər. Onlar necə görür vəziyyəti, biz necə görürük. Və kiçik kiçik addımlarla müəyyən məsafə qətt etmək olar. Bu nəyə görə belə vacibdir? Çünkü bir gün sülh sazişi imzalansa, vətandaş cəmiyyətləri bu sülhə hazır olmaya bilərlər. Məhz indidən bu hazırlıq müəyyən mərhələyə qədər gedə bilər ki, sülh sazişi imzalananda hazırlıqsız yaxalanmayaq. Düşünürəm ki, Avropa Şurasının təşkil etdiyi bu görüş məhz elə bu məqsədə xidmət edir”.

Avropa Şurası tərəfindən belə görüşlərin bundan sonra intensivləşdirilməsinin mümkünlüyü haqda suala cavab verən E. Şahinoğlu AŞ təmsilçilərinin çıxışlarından AŞ-nin bu məsələyə marağını artırmaq istədiyini hiss etdiyini söyləyib: “Aydındır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA-da Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin üzvləri arasında belə görüşlər baş verir. Amma Avropa Şurası sankı intensivliyi artırmaq istəyir və nələr edə biləcəkləri haqda düşünürlər. Mən belə qənaətə gəldim ki, bu tədbirləri sistemli hala gətirmək fikrindədirlər. Yəni, bir görüşlə tamamlanmır və davamı da ola bilər. Burada əsas məsələ dediyim kimi, təcrübələrin öyrənilməsidir. Məncə Azərbaycan dövləti də bunun əleyhinə deyil. Prosesə dövlət dəstəyi verməsə də, buna mane də olmur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR