İranda iki azərbaycanlı fəal həbs edilib

İranda iki azərbaycanlı fəal həbs edilib
# 04 dekabr 2013 23:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda iki azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları dekabrın 4-də səhər saatlarında Rəsul Rəzəvini evində həbs ediblər. Təbrizli fəalın saxlanılmasının səbəbi məlum deyil.

Rəsul Rəzəvi bundan əvvəl 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə Şəhid Kələntəri körpüsündə yüzdən çox azərbaycanlı fəalla birgə həbs edilib. O, 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən ETTELAAT əməkdaşları tərəfindən tutulub və 16 gün saxlanıldıqdan sonra 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Bundan əlavə, ETTELAAT əməkdaşları dekabrın 1-də Tehran vilayətinin Gülüstan şəhərinin sakini İsrafil Sultanianı iş yerində həbs edib. ETTELAAT-ın Gülüstan şəhərindəki təcridxanasına salınan azərbaycanlı fəalın şəxsi əşyaları, kitabları, bukletləri, hətta türkcəyə çevirdiyi “Quran” kitabı müsadirə edilib. İ.Sultanianın Məhərrəm ayının Tasua günündə Tehran vilayətinin Gülüstan, İslamşəhr və Əkbərabad şəhərlərində ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda yazılı vərəqələr paylaması səbəbindən həbs edildiyi ehtimal olunur.

Qeyd edək ki, azərbaycanlı fəal yerimək qabiliyyətini itirdiyindən əlil arabasından istifadə edir. İ.Sultanian 2007-ci ildə 2006-cı il 22 may hadisələrinin ildönümündə Ərdəbil şəhərində həbs edilmişdi.

Bu arada Sərab şəhərinin həbsxanasında saxlanılan Əli Səmədpurun səhhəti ağırlaşıb. Azərbaycanlı fəalın baş ağrısından və qan təzyiqindən əziyyət çəkməsinə baxmayaraq, həbsxana rəhbərliyi onun xəstəxanada müalicəsinə imkan vermir. Ə.Səmədpur, Səhənd Məali və Həmid Tohidi ilə birlikdə 2012-ci il mayın 24-də Sarab şəhərində ETTELAAT əməkdaşları tərəfindən həbs edilib. S.Məali və C.Musəvinejad 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıb.

Ə.Səmədpur ürək-damar xəstəliyindən əziyyət çəkir. Azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu itirib və nəticədə xəstəxanaya aparılıb.

Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb.

Sarab İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı fəallar ümumilikdə 6 il azadlıqdan məhrum edilib. Belə ki, S.Məali və H.Tohidi hər biri 2 il, C.Musəvinejad və Ə.Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə verilib. Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR