Kənd Təsərrüfatı Nazirliyi: İctimaiyyət ətin qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparmalıdır

 Kənd Təsərrüfatı Nazirliyi: İctimaiyyət ətin qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparmalıdır
# 15 noyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda hər il mal ətinin istehsalı artır. Bu istiqamətdə ölkə daxilində mal-qaranın sayı artırılır, cinsləri yaxşılaşdırılır. Eyni zamanda, xaricdən yeni ətlik-südlük heyvanlar alınır. Lakin bu artıma baxmayaraq, Bakı şəhərində mal əti baha satılır. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov danışıb.

Nazirliyin şöbə müdiri deyib ki, ətin qiyməti diri çəkidə 1 kq üçün 4-6 manat arasında dəyişir: «Amma Bakı şəhərində mal ətinin 1 kq-ı 8-8,5 manata, rayonlarda isə 7 manata satılır. Əslində isə qiymət 6,8-7 manat olmalıdır».

Bu cür halların qarşısını almaq üçün dövlət tərəfindən möhtəkirlərə qarşı mübarizə aparıldığını deyən Ç.Fərəcov hesab edir ki, ictimaiyyət də belə şəxslərə qarşı sərt davranmalıdır: «İnsanlar mal ətini alarkən mütləq onun haradan gətirildiyini, onun maya dəyərinin neçəyə olduğunu öyrənməlidir, bu cür alverçilərlə mübarizə aparmalıdırlar. Onlar qiyməti süni şəkildə qaldıraraq, daha çox gəlir əldə etmək istəyirlər».

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı xeyli yüksəlib. Keçən ilə nisbətən bu il diri çəkidə ət istehsalı 3,8% artaraq 358 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR