Aydın Kazımzadə: “Rüstəm İbrahimbəyov başı biznesə qarışana qədər Kino İttifaqını yaxşı idarə edirdi” - MÜSAHİBƏ

Aydın Kazımzadə: “Rüstəm İbrahimbəyov başı biznesə qarışana qədər Kino İttifaqını yaxşı idarə edirdi” - <span style="color: red;">MÜSAHİBƏ
# 01 avqust 2013 14:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin APA-ya müsahibəsi

- Aydın müəllim, yeni kitabınız çapa hazırlanır. Gəlin, söhbətimizə elə bu kitabdan başlayaq…

- İş elə gətirib ki, Azərbaycan kinosunun 115 illik yubileyi ilə Kinostudiyanın 90 illiyi üst-üstə düşür. Bakı Kinostudiyası 90 ildə böyük yol keçib. Bu illərdə kinostudiyaya böyük sənətkarlar rəhbərlik ediblər. Kinostudiyanın direktoru Müşfiq Hətəmov mənə sifariş verdi ki, 90 ildə keçilmiş yolu araşdırıb, onun tarixini yazım. 800 səhifəlik kitab yazmışam, indi çap mərhələsindədir. Moskvanın Azərbaycan kinosuna olan münasibətində elə məqamlar var ki, heç vaxt işıq üzü görməyib. İlk dəfə həmin faktları mən yazdım.

- Bəlkə həmin faktları bizə açıqlayasınız?

- Bilirsiniz, kino tariximizin dərinliyinə getdikcə görürəm ki, mənim bildiyim heç nə yoxdur. Çox qəribə şeydir. Bir var filmi təhlil edəsən və materialları yığıb Azərbaycan kinosunun mənzərəsini yaradasan, bir də var tarixi araşdırasan. Elə insanların adını üzə çıxarmışam, onların kino fəaliyyəti haqqında heç kim bilmir. O adamlar nə vaxt işləyib, niyə sonradan Azərbaycandan gediblər, bundan xəbərsizdirlər. Bunu ortalığa çıxarmaq üçün çox əziyyət çəkmişəm. Araşdırma prosesində qəribə məqamlara rast gəldim. Məsələn, kinostudiyada dünyanın hər yerindən - Norveçdən, Çindən, Çexiyadan gələn texniki və yaradıcı işçilər çalışıblar. 30-cu illərdə onları etibarsız adamlar kimi ölkədən çıxarıblar.

- Dövlət sifarişi ilə 800 səhifəlik kitab yazıbsınız. Əziyyətiniz necə qiymətləndirilib?

- (Gülür) Onu açıqlamaq istəmirəm. Mənim on beş kitabım var, o kitabların on üçündən qonorarım olmayıb. Hesabınızı burdan götürün.

- Ümid edək ki, bu kitabın “qonorar taleyi” əvvəlkilərə oxşamayacaq...

- Çox az olsa da, var. Mən 15 yaşımda xarrat sexində fəhlə işləyirdim, rəhmətlik anam həmişə deyərdi ki, çalış tay-tuşunla yox, özündən böyüklərlə oturub-durasan. O mənada ki, öz tay-tuşunun bildiyini onsuz da sən bilirsən. Mən jurnalistika fakültəsini bitirib “Kino” qəzetində işləyəndə, həyatım kinostudiya ilə bağlandı. Ən yaxın dostlarım atam yaşında kişilər idi. Məsələn, Muxtar Dadaşov, Məmməd Əlili, Rza Təhmasib, Ağarza Quliyev, Əlisəttar Atakişiyev və başqaları. Atam yadıma gəlmir, müharibədə həlak olandan sonra anam 24 yaşında dul qalıb, ömrünün axırına qədər də heç kimə ərə getmədi. Demək istəyirəm, mən bu adamlardan ata məhəbbəti görmüşəm, çox şey öyrənmişəm. Bu insanlarla oturub-durandan sonra mənə yaxşı maaşı olan bir iş düşdü, gedə bilmədim. Onlardan ayrıla bilmirdim. Amma təəssüf etmirəm, kinosuz çox çətin olardı. Kitablarımı da bu insanların xətrinə havayı yazıram. Necə durub deyim ki, pul verin, mənə ata əvəzi olan insanlar haqqında kitab yazım?

- Onda icazə verin soruşum: ömrünün 50 ilini Azərbaycan kinosunun tədqiqinə həsr etmiş Aydın Kazımzadə necə dolanır?

- 165 manat mən, 170 manat yoldaşım pensiya alır. Yaxşı ki, keçən il prezident təqaüdü verdilər. Bu təqaüd məni diriltdi. İki gözümün ikisi də əməliyyat olunub. İllərlə arxivdə işlədiyimdən, gözlərim sıradan çıxdı. Həkim mənə bilirsən nə dedi? Dedi, Aydın, sənin göz kanallarını zibil, toz-torpaq tutub. Arxiv materiallarının kiri-pası mənim gözlərimə yığışmışdı. Azərbaycanda 1898-ci ildən 2003-cü ilə qədər çəkilən filmlərin iki cildlik kataloqunu hazırladım. Heç kim bu işi mənə tapşırmamışdı. Buna Don Kixotluq deyirlər də. İnan, heç Statistika Komitəsinin özü də bilmirdi ki, Azərbaycanda iki minə yaxın kino çəkilib. Bunu ilk dəfə mən ortalığa çıxardım.

- Gürcü və İran kinosundan fərqli olaraq, Azərbaycan kino məktəbi formalaşmadı. Bunun səbəbi nədir?

- Çünki bizim kino ənənəmiz yoxdur. Azərbaycan kinosunun istiqaməti, yaradıcı ənənəsi olmayıb. Gürcülər dünyaya qısa filmlərlə çıxdılar. Bizdə 1969-cu ilə qədər film çəkilişləri trafaret şəkildə aparılıb. Yəni rus kinosunun yaradıcı və standart qayda-qanunu ilə qidalanmışıq. Bəzi adamlar “Ulduz”, “Əhməd haradadır” filmləri haqqında ağız dolusu danışırlar. Halbuki bunlar film deyil. Mövzu var, amma çəkiliş üsulunda yenilik yoxdur. “Bir cənub şəhərində” və “O qızı tapın” filmləri çəkiləndən sonra Azərbaycan kinosu sanki birdən-birə ayıldı ki, bax, bu filmlər yeni nəfəs, yeni yaradıcılıq yoludur. İndi bizim istedadlı cavanlarımız yetişir. Mənə xoş gələn odur ki, bu cavanlar risk etməyi sevirlər. Fariz Əhmədovun “Mayak” filmi var, aləm filmdir. Narkomaniya ilə bağlı seriallar çəkilir indi, camaata öyrədirlər ki, adam necə narkoman olur, bu yolda yaxşı pul var və s. O film isə narkomanlığın faciəsini göstərir.

- Azərbaycan seriallarından niyə bədgümansınız?

- O seriallar insanların zövqünü korlayır. Ümumiyyətlə, bizdə serial təcrübəsi yoxdur. Ona görə də biz bu işi bacarmırıq. Öyrənmək olar, amma gərək insan üçün birinci pul yox, sənət olsun! Seriallara ayrılan pul yerinə gedib çatmır. Yəni pul qazanmaq üçün seriyaların sayını süni şəkildə artırırlar. Axı mövzu yoxdursa, bunu uzatmağın nə mənası var? Məsələn, “Pərvanələrin rəqsi”. Hər şey yerindədir, aktyorlar da çox yaxşı oynayırlar. Amma mövzu yoxdur. Adamın doğmağından da 150 seriya çəkərlər? Əşşi, doğur doğsun, doğmursa, cəhənnəmə doğsun! Bu, indiki dövrün mövzusu deyil. Otuz il əvvəl çəkilsəydi, başqa məsələ, amma bu gün qadını hansı vəziyyətdə olursa-olsun, doğuzdura bilirlər axı! “Pərvanələrin rəqsi”ndə səs operatorunun işi və musiqi tərtibatı bərbaddır. Musiqidən danışığı başa düşmək olmur. Yaxud başqa seriallarda aktyorların bərbad oyunu var. Elə bil bu adamlar robot kimi pultla işləyirlər. İndi təzə dəb düşüb, aparıcılar, müğənnilər aktyor olub seriala çəkilirlər.

- Siz məndən daha yaxşı bilirsiniz ki, bu, sponsor məsələsi ilə bağlıdır...

- Dövlət milyonlarla pul ayırıb e, biz bundan danışmalıyıq. Sponsora da demək lazımdır ki, gəl sənət yaradaq. Düzdür, sponsor deyəcək ki, mənim adamımdır, götür onu çək. Bu, dünyanın bütün ölkələrində belədir. Amma məsələn, Amerikada sponsorun verdiyi aktrisa oynayır axı! Bizdə isə əksinədir.

- Bu iradlarınızı şəxsən özlərinə deyibsiniz?

- Mənimlə düşmən olublar. Düş-mən!!! Məsələn, demişəm yaşlı nəsildən elə rejissorlar var, artıq yerlərində sayırlar. Yaxud bir film var, demişəm, o alınmayıb. Vəssalam, rejissorun məni görməyə gözü yoxdur.

- Niyə ad çəkməkdən ehtiyat edirsiniz?

- Çünki mənə badalaq gəlirlər. Gözlənilməyən yerdən bir də gördün badalaq gəldi, ziyanını çəkdim.

- Müstəqillik Azərbaycan kinosuna nə verdi?

- Müstəqillik bizim kinoya ən böyük xoşbəxtliyi - azadlığı verdi. Sənətkarlarımızın əl-qolu, dili açılıb. Əgər Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmində sətiraltı mənalarla fikrini deyirdisə, bu gün Elçin Əfəndiyev “Hökmdarın taleyi”ndə Azərbaycan xalqının taleyini olduğu kimi göstərir. Yaxud Cavad xanın adını çəkəndə, adamın dilini kəsirdilər. Amma bu gün biz “Cavad xan” filmini çəkdik və hər şeyi olduğu kimi göstərdik. Baxıbsan bu filmlərə?

- Əlbəttə, hər ikisinə...

- Bu filmləri Rusiyada da göstərdilər. Və Rusiyanın işğalçı olduğu sübut olundu. Bu filmlər televiziyalardan əvvəl kinoteatrlarda göstərilməlidir. Milyonlarla xərc çəkilib, o pulu çıxarandan sonra kinoteatr və televiziya kanallarında göstərilə bilər. Yeni 150 kinoteatr açılır. Filmlər rayonlarda da göstəriləndən sonra kanallara çıxacaq. Sadəcə, bizdə prokat yoxdur.

- Əslində bunun səbəbini sizdən soruşmaq istəyirdim...

- Bizdə kinoteatrları mebel, pal-paltar mağazaları, çayxana eləmişdilər. Kinoteatrlarda olan avadanlıq köhnə, sınıq-salxaq idi. Həm də, tamaşaçı kinoteatrlardan uzaq düşdü. Arxa cərgələrdə adamlar içib keflənirdilər, ona görə insanlar kinoya baxmağa gəlmirdi. Tamaşaçını kinoya yenidən cəlb etmək asan məsələ deyil.

- Çağdaş Azərbaycan kinosunun senzura problemi varmı?

- Qətiyyən! Bilirsən, senzura həm yaxşı şeydir, həm də pis. Bizim o qədər filmlərimiz var ki, senzuranın qurbanı olub. Həsən Seyidbəyli “O qızı tapın” filmini çəkəndə lentin neçə metrini kəsib. Səbəbini soruşanda deyib ki, Moskva onsuz da kəsəcək, qoy elə özüm kəsim də! Bəlkə heç Moskva əl dəyməyəcəkdi. Adamların canında xof vardı. “Ad günü” filmində Rasim Ocaqova gör nəyi irad tutublar: bazarda şaqqa-şaqqa mal-heyvan əti göstərirsiniz, xəbəriniz yoxdur ki, Rusiyanın vilayətləri acından ölür? Onları qəzəbləndirmək istəyirsiniz? Senzura televiziyalara lazımdır ki, insanların əxlaqını pozmasın. Bizdə nə vaxt görünüb ki, qız göbəyi açıq gəzsin? Hamısı 90-cı illərdə göstərilən Amerika filmlərinin nəticəsidir.

- Kinostudiyanın təmiri məsələsi gündəmdədir...

- Ümidimiz o təmirədir. İstəyirəm ölməyəm, kinostudiyanın təmirdən çıxdığı günü görəm. O binaya ilk ayaq basanlardan biri mənəm. Kinostudiyanın binası bu gün çox pis vəziyyətdədir. Nə yaxşı, dövlət proqramı var, İlham Əliyev kinoya qayğı göstərir. Dünyada çox az ölkələr var, dövlət kinonun bütün xərclərini öz boynuna götürür.

- Bu həm də dövlətin kino üzərində nəzarəti deyil?

- Yox. Bu gün kino üçün qapılar açıqdır. İndiyə qədər çəkilən hansı filmə mane olunub? Yaxud nəzarət olunub? Məsələnin başqa tərəfi də var. Hökumət pulu verirsə, o demək deyil ki, onun əleyhinə danışasan. Buna hökumət icazə verməz. Hökumət deyir, sənət yarat, ortalığa film qoy!

- Bizdə müstəqil – öz “ayaqları üstə dayanan” prodakşnlar yoxdur. Bu nə vaxta qədər belə ola bilər?

- Bizdə ənənə olmayıb, ona görə də indi müstəqil prodakşnlar yoxdur. Daha doğrusu, təzə-təzə yaranırlar. Kinostudiyanın rəhbəri Müşfiq Hətəmovu mən ona görə qiymətləndirirəm ki, ideyaları çoxdur, uzaqgörəndir. Müşfiq müəllim bütün prodakşnları bir yerə yığıb gildiya yaratdı. Bu çox vacib idi. Yəni səndə pul, məndə avadanlıq var. Hələlik hökumət bu prodakşnlara pul ayırır. Amma həmişə belə olmayacaq. Özləri maliyyə qazanandan sonra işlərini müstəqil quracaqlar.

- Müsahibənizdə demisiniz ki, Rüstəm İbrahimbəyovun Kino İttifaqı fəaliyyətsiz idi, heç bir işlə məşğul olmurdu...

- Bilirsiniz, ailənin böyüyü ya həmin ailəni saxlayır, ya da dağıdır. Ailəyə qarşı laqeydlik olursa, deməli, dağılacaq. Bizim ittifaq da eynən belə oldu. Rüstəm İbrahimbəyov Lətif Səfərov və Həsən Seyidbəylidən gələn ənənəni başı biznes işlərinə qarışana qədər çox gözəl davam etdirdi. Son yeddi-səkkiz ildə mən ayağımı ittifaqa qoymadım. Rüstəmin başı biznesinə qarışmışdı, ildə iki dəfə gəlib-gedirdi. Hətta bir dəfə Rüstəmin gəldiyini öyrənib getdim yanına, dedilər yox, olmaz. Yaxşı, sədrin yanına girə bilmirəmsə, dərd-sərimi kimə deməliyəm? Üç il bundan qabaq 70 yaşım oldu. Getdim ittifaqa ki, ay Rasim Balayev, mənim yubiley ilimdir. Rasim qayıtdı ki, bizim imkanımız yoxdur. Dedim, bəs necə olsun? Cavabı nə olsa, yaxşıdır: “Gəl bizim kafedə qonaqlıq edək, sənin haqqında danışaq”. Rafiq Hüseynova dedim, əldən gedirəm, həkimə getməyə pulum yoxdur, adımı yazın, təqaüddən-filandan versinlər. Cavab verdi ki, xalq artistiyəm, mənə vermirlər, sənə necə verəcəklər? Bax, bu bizim ittifaq idi. O ittifaqa özlərindən başqa gedib-gələn yox idi. Rafiq Yüzbaşov adında rejissorumuz var. Mənə danışırdı ki, sarılıq xəstəliyi tutmuşdum, xəstəxanaya getməyə pulum yox idi. 60 illiyində ittifaq ona təbrik məktubu göndərir: sizə can sağlığı, uzun ömür və yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirik. Deyir, bunu oxuyandan sonra sarılıq məni təzədən tutdu. Bu da bizim ittifaq! Yeni ittifaq yarananda mən səslərinə səs verdim. Rəssamlar, Yazıçılar ittifaqlarına baxanda bizi paxıllıq tuturdu. Necə olur, onlar işləyirlər, biz yox? Ona görə də ərizəni yazıb, keçdik bu biri tərəfə.

- Yeni ittifaq bir ildə hansı işləri görüb?

- Xeyli işlər görüb. Cavan rejissorların filmlərinə baxış keçirdi. İttifaq indi-indi ayaq tutub yeriyir. Nə yaxşı, o ittifaqın sədri Şəfiqə Məmmədova oldu. Bizə sədr kimi heç kimlə küsülü olmayan, dalaşmayan, kin saxlamayan adam lazım idi. Bu adam Şəfiqə Məmmədovadır! Məsələn, idarə heyətində elə adamlar var, hay-küyçüdür, adamlara, məsələn, mənim özümə nifrət edir. Eləsi var, nə ölüyə hay verir, nə diriyə! Şəfiqə xanım kişi qeyrətli qadın, sözü keçən insandır.

- Kino günündə dövlətdən umacağınız varmı? Nə gözləyirsiniz?

- Heç nə gözləmirəm. Bayramı sevinclə qarşılayıram, vəssalam. Kinoşünaslara xalq artisti adı verilmir. Ən yüksək ad əməkdar incəsənət xadimidir ki, xalq artistinə bərabərdir. Bu adı mən almışam. Bundan başqa, ona yaxın mükafatım var. Bu mükafatları haqqına qazanmışam və alnım açıqdır. Düzdür, indi birotaqlı mənzildə yaşayıram, oğlum məcbur olub kirayə evə köçdü, amma mən bundan narahat deyiləm, naşükürlük eləmirəm. Hökumətdən, prezidentdən çox razıyam ki, zəhmətimi qiymətləndirib. Ömür vəfa eləsə, iki cildlik Azərbaycan kino kataloqunu genişləndirmək istərdim. Hələ ki, yiyə duran yoxdur. Qonorar verən olsa, bu işi davam etdirəcəyəm. Bu yaşda da qonorarsız işləmək olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR