Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət proqramı yaxın 6 ayda müəyyən olunacaq

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət proqramı yaxın 6 ayda müəyyən olunacaq
# 25 oktyabr 2013 15:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidini müəyyən edən beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur”.

APA-nın xəbərinə görə, bunu facebook səhifəsində Təhsilin inkişafı üzrə Dövlət Strategiyasından gözləntilərini açıqlayan təhsil naziri Mikayıl Cabbarov qeyd edib. Nazir bildirib ki, ilk növbədə bu sənəd təhsil sahəsində indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə kömək edəcək: “Dövlət Strategiyasında qarşıya qoyulan əsas hədəf - milli-mənəvi dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüsləri dəyərləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən müasir təfəkkürlü və rəqabət qabiliyyətli insan resursları yetişdirməkdir. Həmçinin milli-mənəvi dəyərləri qorumaqla yanaşı ümumbəşəri ideallara sahib çıxan yeni nəsil və innovasiyaları tətbiq edə bilən təhsil ənənəsi yaratmaqdır. Təbii ki, qarşıya qoyulan məqsədlərə çatmaq böyük əzmkarlıq və inam tələb edir. Bu yol heç də asan yol deyil. Bəzən çox çətin və zəruri olan bu missiya cəmiyyətin insan kapitalının inkişafına səbəb olur ki, bu da sonda ölkəmizin dünyanın aparıcı ölkələri sırasına çıxması üçün zəmin yaradacaq. Təsdiq olunan Dövlət Strategiyasına istinad edilməklə ehtiyac olduğu halda, təhsil qanunvericiliyi yenilənəcək, məzmun, idarəetmə və maddi-texniki təchizat baxımından köklü dəyişikliklərə imkan yaranacaq. Bu konseptual sənədin fəaliyyət proqramı yaxın 6 ayda müəyyən olunacaq. Düşünürəm ki, biz - cəmiyyətin təhsili prioritet hesab edən bütün insanları ilə birlikdə bu fəaliyyət proqramını hazırlaya və təhsildə yeni yanaşmaları tətbiq edə biləcəyik. Bu hədəflərə isə birlikdə çalışmaqla çata bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR