TQDK dərsliklərin elmi-metodiki monitorinqinin keçirilməsi ilə bağlı yenilikləri açıqlayıb

TQDK dərsliklərin elmi-metodiki monitorinqinin keçirilməsi ilə bağlı yenilikləri açıqlayıb
# 16 sentyabr 2013 12:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yeni mövsümdə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin keçirilməsi ilə bağlı yenilikləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərsliklər ölkədə tətbiq edilən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlandığından, bu işdə təcrübənin azlığının, qiymətləndirmənin səriştəlilik baxımından problemlərinin, hələ kurikulumu tam mənimsəmiş müəllif korpusu və dərslikləri qiymətləndirən yetkin ekspertlərin formalaşdırılmasının zamana və bu sahədə ciddi addımların atılmasına ehtiyac var. Eyni zamanda, dərslik hazırlanmasına dair rəsmi sənədlərə əsasən dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulduğundan, bununla bağlı istifadədə olan dərsliklərin istifadə müddəti bitməmiş, dərsliklərin elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylərdəki irad və təkliflərin nəzərə alınması üçün də müəyyən vaxt lazımdır.


Odur ki, yeni dərsliklər çap olunanadək, yaranmış vəziyyətdən mümkün çıxış yollarından biri kimi, Təhsil Nazirliyi ilə birgə, dərsliklərdəki düzəlişlərin izahına həsr edilmiş elektron “Dərslik portalı”nın yaradılması təklif edilir. Həmin portalda TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylərin yerləşdirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçərək, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara, Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq lazımi izahatlar verməsi məqsədəmüvafiq hesab edilir.

Həmçinin, tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallar keçildikcə, onlara dair qeyd və təkliflər portalda hissə-hissə yerləşdiriləcək. Həmin materiallarla bağlı, portala qeydlər, təkliflər daxil olarsa, həmin fikirlərin mütəmadi olaraq açıq müzakirələrə çıxarılması, müzakirələrin internet vasitəsilə canlı yayımlanması, bu barədə portalda məlumat verilməsi və fənn müəllimləri ilə əks-əlaqə yaradılması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR