Bakıda keçiriləcək 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ASEAN təşkilatının nümayəndə heyəti də iştirak edəcək

Bakıda keçiriləcək 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ASEAN təşkilatının nümayəndə heyəti də iştirak edəcək
# 17 may 2013 16:00 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. 29 may - 1 iyun tarixində Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında 2013-cü ilin 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, forumda “Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?”, “Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibridləşmə”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?”, “Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru”, “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması”, “21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması”, “Turizm – insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi”, “Mədəniyyətlərarası dialoq: Etiqad və Elm”, “21-ci əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”, “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu”, “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” mövzularında sessiyaları keçiriləcək.

Forum çərçivəsində ilk dəfə Dünya Nazirlər Konfransı keçiriləcək. Konfransda “Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?”, “Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm” sessiyaları keçiriləcək.

Forum çərçivəsində Azərbaycan Respublikası və BMT Sivilizasiyalar Alyansı təşkilatı dəstəyi ilə Ərəb Liqasına üzv olan ölkələr və Mərkəzi Asiya ölkələri üçün “Çoxmədəniyyətli dünyada sülh şəraitində” adlı müsabiqə elan edilib. Müsabiqə çərçivəsində qalib gələn şəxslər təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

Forumda ilk dəfə ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) beynəlxalq təşkilatının nümayəndə heyəti də iştirak edəcək. ASEAN təşkilatının nümayəndə heyəti sessiyalarda iştirak edəcək, təşkilatın mədəniyyətlərarası əməkdaşlıq və dialoqda iştirakının genişləndirilməsi məqsədilə 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ikitərəfli danışıqlar aparacaq. Bundan əlavə, Azərbaycan Respublikası və ASEAN arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və gələcək perspektivləri barədə ikitərəfli müzakirələr nəzərdə tutulur.

Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla forum hər iki ildən bir Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR