Azərbaycanın gəlirlər üzrə mənfi saldo 11% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldo 11% azalıb
# 12 dekabr 2013 11:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 494,0 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 3 773,0 mln. dolları və ya 84,0%-i Azərbaycandan ödənişlər, 721,0 mln. dolları və ya 16%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmalardır.

Beləliklə, 2013-cü ilin yanvar-sentyabr aylarında gəlirlər üzrə tədiyyə balansında 3 052,0 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 11% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan həyata keçirilən ödənişlər Azərbaycana daxil olan ödənişləri 5,2 dəfə üstələyir.

Azərbaycandan aparılan ödənişlərin əsas hissəsini (3,0 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (161,6 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (281,0 mln. dollar) təşkil edir.

Gəlirlər üzrə mənfi saldonun strukturunda 3 057,6 mln. dollar neft-qaz sektorunun payına düşüb, digər sahələr üzrə isə 5,6 mln. manat həcmində müsbət saldo müşahidə olunub. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 29,7 dəfə üstələyir (ödənişlər 3 164,0 mln. dollar, daxilolmalar 106,5 mln. dollar olub). Digər sahələr üzrə daxilolmalar ödənişləri 0,9% üstələyir (ödənişlər - 609,0 mln. manat, daxilolmalar - 614,6 mln. manat).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR