Azərbaycanda yeni texnologiya vasitəsilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf ediləcək

Azərbaycanda yeni texnologiya vasitəsilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf ediləcək
# 10 yanvar 2014 07:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda ilk dəfə “Gələcək Nəsil Sekvenseri” (İon PGM və İon Proton) adlı yeni aparat quraşdırılıb.

Genetik Ehtiyatlar İnstitutundan APA-ya verilən xəbərə görə, Amerikanın “Life Technologies” şirkətinin alimləri tərəfindən hazırlanmış texnologiya vasitəsilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf edilir.

İşlər Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilir.

2015-ci ildə yekunlaşacaq 2 illik layihənin rəhbəri institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərovdur. Gələcək nəsil sekvenseri insan genomu, bitki genetik ehtiyatlarının pasportlaşdırılması, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, genom seleksiyası və genləri dəyişdirilmiş orqanizmlərin təyini üzrə ən müasir tədqiqat işləri aparmağa imkan verir. Layihə çərçivəsində il ərzində institutda bir neçə seminarın təşkil olunması, 5 nəfər gənc tədqiqatçının 1-2 ay müddətində ABŞ, Fransa, İngiltərə, İsrail və Türkiyədə təlim kursu keçməsi planlaşdırılıb. Hazırda həmin ölkələrin qabaqcıl genomika və biotexnologiya laboratoriyaları ilə müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR