Azərbaycanda ilk dəfə olaraq bitki genetik ehtiyatları üzrə informasiya axtarış sistemi yaradılıb

Azərbaycanda ilk dəfə olaraq bitki genetik ehtiyatları üzrə informasiya axtarış sistemi yaradılıb
# 20 noyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ilk dəfə olaraq bitki genetik ehtiyatları (BEG) üzrə informasiya məkanının formalaşdırılmasının əsasları və yeni tipli proqram təminatı - informasiya axtarış sistemi yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə AMEA Aqrar Elmlər Bölməsinin növbəti yığıncağında “Azərbaycanın bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sistemi” mövzusunda məruzə ilə çıxış edən Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Afiq Məmmədov məlumat verib. O bildirib ki, respublikada bitki genetik ehtiyatlarının milli kolleksiyaları inventarlaşdırılıb və bunun əsasında Mərkəzi Məlumat Bazası yaradılıb, Milli İnformasiya Mübadiləsi Mexanizmi qurulub.

A.Məmmədovun sözlərinə görə, respublikanın 10 rayonunda 200-dən çox fermer təsərrüfatından toplanmış məlumatlar əsasında müasir informasiya texnologiyalarının köməyi ilə nar bitkisinin bioekocoğrafi tədqiqi aparılıb və müəyyən edilib ki, zənginlik indekslərinin göstəriciləri yüksək müxtəlifliyin mövcudluğunu sübut edir. Yaradılmış informasiya sistemindən səmərəli istifadənin prinsip və qaydalarının işlənib hazırlandığını söyləyən A.Məmmədov informasiya texnologiyalarının vasitəsi ilə BGE üzrə milli kolleksiyaların taksonomik tərkibinin öyrənildiyini, məlumat bazasının Azərbaycan florası və regional kolleksiyalarla müqayisədə təhlil edildiyini və tövsiyələrin hazırlandığını nəzərə çatdırıb. O bildirib ki, qeyd edilən informasiya sisteminin yaradılması ilə bağlı çoxillik tədqiqatlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR