Gürcüstan parlamenti Ukraynada baş verənlərlə bağlı bəyanat qəbul edib

Gürcüstan parlamenti Ukraynada baş verənlərlə bağlı bəyanat qəbul edib
# 11 dekabr 2013 23:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamenti 68 səslə Ukraynada baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 11-də bəyanatın mətnini deputatlara Avrointeqrasiya məsələləri üzrə parlament komitəsinin sədri, “Gürcü Arzusu”ndan olan deputat Viktor Dolidze təqdim edib. Bəyanatda Gürcüstan parlamentinin Ukraynada vətəndaşlara qarşı güc tətbiq edilməsindən narahatlığı ifadə edilib, Rusiya və digər dövlətlərin Ukraynanın daxili işlərinə müdaxilə etmək hüququna malik olmadığı vurğulanıb.

“Gürcüstan parlamenti Ukrayna xalqına azad seçkilər uğrunda mübarizədə öz həmrəyliyini nümayiş etdirir. Biz Ukrayna xalqının Avropa və Avroatlantik ailəsinin tamhüquqlu üzvü olmaq istəyini dəstəkləyirik. Mövcud problemlərə baxmayaraq, Ukrayna və Gürcüstan beynəlxalq demokratik məkanda layiqli yer tutacaq”, - deyə bəyanatda qeyd olunub.

Gürcüstan parlamenti həmçinin beynəlxalq ictimaiyyətin “Şərq Tərəfdaşlığı” ölkələrinin suverenliyini dəstəkləməsini alqışlayıb.

Gürcü deputatları Ukraynanın siyasi liderlərinin mövcud vəziyyətdən xalq üçün faydalı bir çıxış yolu tapacağına ümid etdiyini bildirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR