Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistandan Avstriyaya keçib

Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistandan Avstriyaya keçib
# 14 noyabr 2013 13:55 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, bu gün Avropa Şurasında qurumun NK-nın 1184-cü toplantısı keçirilib və AŞ NK-da sədrlik Ermənistandan Avstriyaya ötürülüb. Avstriya bu vəzifəni 2014-cü ilin may ayına qədər icra edəcək.

Bugünkü toplantıda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin quruma sədrlik etdiyi altı ay ərzindəki fəaliyyəti haqda danışıb, Avstriyanın xarici işlər naziri Mikael Spindelegger ölkəsinin növbəti altı ay üçün prioritetlərini açıqlayıb.

Avstriya əsas prioritetləri arasında Avropa Şurası baş katibinin təşəbbüsü ilə təşkilat daxilində həyata keçirilən islahatları dəstəklədiyini və təşkilatın digər beynəlxalq qurumlarla əlaqələrinin, əməkdaşlığın yaxşılaşdırılmasını ifadə edib. Avstriya eyni zamanda əsas sütunu fərdi şikayət hüququ olan Avropa İnsan Hüquqları Konvensiyası sisteminin səmərəliyinin təmin edilməsinə və Avropa İnsan Hüquqları Məhkəməsi və Konvensiyası islahatlarına təkan vermiş İnterlaken (2010), İzmir (2011) və Brayton (2013) konfranslarında qəbul edilmiş nəticələrin həyata keçirilməsinə sadiq qalacağını xüsusi qeyd edib.

Bundan başqa, Avstriya AŞ NK-dakı sədrliyi dövründə ifadə azadlığı və jurnalistlərin təhlükəsizliyi, insan alverinə qarşı mübarizə, internet idarəçiliyi, qadınlar və kişilər arasında bərabərlik, əlil şəxslərin fundamental haqları, keyfiyyətli təhsil, demokratik vətəndaşlıq tədrisi, mədəniyyət, habelə yerli və regional səviyyədə demokratiya və idarəçilik məsələlərinə xüsusi diqqət ayıracağını öz üzərinə götürüb.

Qeyd edək ki, AŞ NK-da sədrlik əlifba sırası ilə rotasiya qaydasında ölkədən-ölkəyə keçir. Avstriyanın sədrliyi gələn ilin mayın 14-də başa çatacaq və sədrlik Azərbaycana keçəcək. Azərbaycan isə 2014-cü ilin may-noyabr aylarında quruma altı ay ərzində sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR